Hansı tərəvəz ürəyi daha yaxşı qoruyur? - Diyetoloqdan AÇIQLAMA
Brokoli və gül kələmi ürək sağlamlığına müsbət təsir göstərən faydalı tərəvəzlər hesab olunur. Lakin onların tərkibindəki bəzi maddələr və orqanizmə təsirləri fərqlənir.
Sfera.az xəbər verir ki, diyetoloq Mişel Rutenşteyn bu iki tərəvəzin faydalarını “EatingWell” nəşrinə açıqlamasında müqayisə edib.
Mütəxəssisin sözlərinə görə, həm brokoli, həm də gül kələmi lif, kalium, C vitamini və qlükozinolatlarla zəngindir. Liflə zəngin qidaların müntəzəm istehlakı qan təzyiqinin azalmasına və orqanizmdə iltihabi proseslərin zəifləməsinə kömək edə bilər.
Bununla belə, brokolinin tərkibində olan qlükorafanin orqanizmdə sulforafana çevrilə bilər. Alimlərin ehtimallarına görə, bu birləşmə damar sağlamlığına müsbət təsir göstərə bilər. Brokoli həmçinin antioksidant xüsusiyyətlərə malik beta-karotinlə zəngindir. Bu maddə orqanizmi oksidləşdirici zədələnmədən qorumağa və iltihabın azalmasına kömək edə bilər.
Diyetoloq brokolinin hər kəs üçün eyni dərəcədə uyğun olmadığını da vurğulayıb. Belə ki, tərəvəzin tərkibindəki K vitamininin yüksək miqdarı qan durulaşdırıcı dərman qəbul edən şəxslər üçün əhəmiyyətlidir. Bu insanlar K vitamininin qəbulunda kəskin dəyişikliklərdən çəkinməli və qidalanmalarını həkimlə razılaşdırmalıdırlar.
Gül kələminin isə brokoli ilə müqayisədə kalorisi daha azdır. Rutenşteyn araşdırmalara istinadən bildirib ki, xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin, o cümlədən gül kələminin istehlakı yeməkdən sonra qan şəkərinin səviyyəsinin və sistolik qan təzyiqinin azalmasına kömək edə bilər.
Diyetoloqun sözlərinə görə, qanda şəkərin uzun müddət yüksək qalması ürək-damar xəstəlikləri riskini artıra, oksidləşdirici stressə, iltihaba və qan damarlarının zədələnməsinə səbəb ola bilər.
Beləliklə, hər iki tərəvəz ürək sağlamlığı üçün faydalıdır. Brokoli bəzi əlavə bitki birləşmələri və antioksidantlarla seçilsə də, gül kələmi daha az kalorili alternativdir.
İnci
Sfera.az





