Yüksək təzyiq xəstələrinə şad xəbər- Dərmanı əvəz edən cihaz kəşf edildi

Dünya miqyasında milyonlarla insanın əziyyət çəkdiyi yüksək qan təzyiqi xəstəliyinin müalicəsində tibb dünyasını heyran qoyacaq mühüm irəliləyiş əldə olunub. Hər gün müəyyən saatlarda həb qəbul etmək məcburiyyəti və dərmanların orqanizmə vurduğu kimyəvi yan təsirlər tezliklə keçmişdə qalacaq.
Sfera.az xəbər verir ki, tədqiqatçılar ənənəvi dərman müalicəsinə alternativ olaraq "CaroFlex" adlı yeni texnologiya təqdim ediblər. Barmaq ucuna sığacaq qədər kiçik, ultra-nazik və elastik quruluşa malik bu mikro implant yüksək təzyiqdən əziyyət çəkən pasiyentlər üçün yeni ümid işığı olub.
Mütəxəssislərin bildirdiyinə görə, mikro cihazın iş prinsipi sadədir. Belə ki, cihaz qısa və bəsit bir prosedurlarla xəstənin boyun nahiyəsində yerləşən ana arteriyaya (şah damara) implantasiya edilir. İmplant yerləşdirildiyi nahiyədən sistemə müntəzəm və son dərəcə zəif elektrik impulsları göndərir. Göndərilən bu siqnallar sayəsində qan damarları rahatlayır, qan təzyiqi dərhal enir və normativ təhlükəsiz səviyyədə sabitləşir.
Tibb aləmində böyük maraq doğuran bu texnologiyanın yaxın gələcəkdə kliniki tətbiqinə başlanması və gündəlik dərman asılılığını tamamilə aradan qaldırması gözlənilir.
Bəsti Rəfizadə






