10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız

Yuxuya getmə müddəti insanın sağlamlığı haqqında vacib məlumat verə bilər. Mütəxəssislərin fikrincə, ideal vaxt 10-20 dəqiqədir.
Sfera.az xəbər verir ki, davranış yönümlü yuxu təbabəti üzrə mütəxəssis Mişel Drerupun sözlərinə görə, yuxuya çox tez getmək hər zaman sağlamlıq əlaməti sayılmır.
"Əgər bir dəqiqə ərzində yuxuya gedirsinizsə, bu, yuxusuzluq və ya gizli yuxu pozuntusunun göstəricisi ola bilər" deyə, mütəxəssis bildirib.
Mütəxəssislər qeyd edirlər ki, orqanizmin kifayət qədər istirahət etməməsi gündüz yuxululuq, diqqət dağınıqlığı, reaksiyaların zəifləməsi və əhvalın tez-tez dəyişməsi ilə özünü göstərə bilər. Uzunmüddətli yuxu çatışmazlığı isə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və hətta erkən ölüm riskini artıra bilər.
Digər tərəfdən, yuxuya getməyin 30 dəqiqədən çox çəkməsi də yuxu pozuntusunun əlaməti ola bilər. Mütəxəssislər bunun stress, depressiya, narahat ayaq sindromu, yuxu apnesi, eləcə də bəzi nevroloji, tənəffüs və həzm sistemi xəstəlikləri ilə əlaqəli ola biləcəyini bildirirlər.
Qadınların hormonal dəyişikliklər səbəbindən, yaşlı insanların isə xroniki xəstəliklərə daha çox meylli olduqları üçün yuxu problemləri ilə daha tez-tez qarşılaşdıqları vurğulanır.
Yuxu keyfiyyətini artırmaq üçün mütəxəssislər aşağıdakı tövsiyələri verirlər:
Yatmazdan ən azı 30 dəqiqə əvvəl telefon, planşet və televizordan uzaq durun.
Yataq otağını sərin, sakit və qaranlıq saxlayın.
Hər gün eyni saatda yatıb, eyni saatda oyanmağa çalışın.
Əgər üç ay ərzində həftədə ən azı üç gecə yuxuya getməkdə çətinlik çəkirsinizsə, mütəxəssislər həkimə müraciət etməyi tövsiyə edirlər.
