COVID-19 uşaqlara mənfi təsir edib - ARAŞDIRMA

COVID-19 uşaqlara mənfi təsir edib - ARAŞDIRMA
Kateqoriya məlum deyil
T

COVID-19 pandemiyası zamanı tətbiq edilən sərt karantin məhdudiyyətləri uşaqların inkişafına uzunmüddətli təsir göstərmiş ola bilər.

Sfera.az xəbər verir ki, Böyük Britaniyanın "City St George's, University of London" alimlərinin apardıqları və nəticələri "Archives of Disease in Childhood" jurnalında dərc olunan araşdırmada bu qənaətə gəlinib.

Tədqiqatda 2020-ci il martın 23-dən iyunun 23-dək, İngiltərədə ilk sərt karantin dövründə doğulan 205 uşaq iştirak edib.

Mütəxəssislər müəyyən ediblər ki, bu uşaqlar dörd yaşında diqqəti cəmləmək, göstərişləri yadda saxlamaq, emosiyalarını idarə etmək və davranışlarını yeni vəziyyətə uyğunlaşdırmaq baxımından yaşıdlarına nisbətən daha çox çətinlik yaşayırlar.

Valideynlərin qiymətləndirmələrinə əsasən, uşaqların təxminən üçdə birində icraedici funksiyaların inkişafında gerilik əlamətləri müşahidə olunub. Onlar tapşırıqlara diqqət yetirməkdə, göstərişləri yerinə yetirməkdə və diqqəti yayındıran amillərə müqavimət göstərməkdə daha çox çətinlik çəkiblər.

Araşdırmada həmçinin müəyyən olunub ki, uşaqların dili anlama bacarığı yaş normasına uyğun olsa da, fikirlərini şifahi ifadə etmək qabiliyyəti müəyyən qədər zəif inkişaf edib. Alimlər bunu pandemiya dövründə yad insanlarla ünsiyyət imkanlarının məhdud olması ilə əlaqələndirirlər.

Tədqiqat müəllifləri vurğulayıblar ki, araşdırma müşahidə xarakteri daşıyır və lokdaunla inkişaf xüsusiyyətləri arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Bununla belə, pandemiya dövründə doğulan uşaqların inkişafının gələcəkdə də izlənilməsinin vacibliyi qeyd olunub.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ