Uşaqlarda yaz infeksiyası: Valideynlərin istifadə etdiyi bu dərmanlar effektlidir?

Yaz fəsli daxil olan kimi uşaqlar arasında infeksion xəstəliklərin artması demək olar ki, hər il müşahidə olunan təbii epidemioloji prosesdir.
Temperaturun dəyişkən olması, səhər-axşam soyuq, günorta isti hava, kollektivlərin (bağça və məktəb) daha aktiv fəaliyyəti, açıq havada təmasların çoxalması virusların yayılması üçün əlverişli şərait yaradır.
Nəticədə valideynlərdə ən çox narahatlıq yaradan mənzərə, axan burun, öskürək, boğaz ağrısı, halsızlıq və qızdırma ilə başlayan respirator infeksiyalar çoxalır. Adətən xəstəliyin ilk günlərində valideynlər “tez qarşısını almaq” düşüncəsi ilə müxtəlif dərmanlara müraciət edirlər. Xüsusilə son illərdə “immuniteti gücləndirən”, “virusun qarşısını erkən mərhələdə alan” kimi təqdim edilən preparatlar, o cümlədən “Ergoferon” tipli vasitələr geniş istifadə olunur.
Bu dərmanlar çox vaxt reseptsiz əldə edilir və bəzən həkimə müraciət etmədən profilaktik və ya ilkin simptomlarda başlanır. Lakin məsələ yalnız dərman qəbul etmək deyil, onun real klinik faydasının olub-olmamasıdır.
Hər il təkrarlanan bu mövsümi infeksiyalar fonunda əsas suallar budur ki, doğrudanmı xəstəliyin başlanğıcında belə preparatlar ağırlaşmanın qarşısını alır, yoxsa xəstəlik onsuz da öz təbii gedişi ilə keçəcək? Ümumiyyətlə pediatriyada virus infeksiyasının ilk saatlarında tətbiq olunması sübut edilmiş standart müalicə yanaşması varmı, yoxsa erkən mərhələdə əsas məqsəd sadəcə simptomların idarə olunmasıdır?
Sfera.az-a bu haqda açıqlama verən pediatr Elşən Tağıyev Azərbaycanda uşaqların yuxarı tənəffüs yolu infeksiyası, qripəbənzər vəziyyət və ya adi virus xəstəliyi keçirən zaman tez-tez “Anaferon” və “Ergoferon” kimi preparatların təyin olunduğunu qeyd edib:

“Bu preparatlar əsasən homeopatik prinsiplərə əsaslanan və ya “ultra aşağı dozalı anticisimlər” adı altında təqdim edilən məhsullardır. Onların tərkibində aktiv maddə faktiki olaraq molekulyar səviyyədə ölçülə biləcək miqdarda olmur və ya son dərəcə seyrəkləşmiş formada olur. Yəni farmakoloji baxımdan klassik antiviral dərman kimi təsir mexanizmi göstərmirlər. Açıq danışaq ki, yüksək keyfiyyətli, müstəqil, randomizə edilmiş, ikiqat kor, plasebo-nəzarətli tədqiqatlarla bu preparatların uşaqlarda respirator virus infeksiyalarını daha tez sağaltdığı, ağırlaşmanın qarşısını aldığı və hospitalizasiya riskini azaltdığı sübut edilməyib. Beynəlxalq pediatrik protokollarda və sübuta əsaslanan təlimatlarda bu preparatlar müalicə standartı kimi yer almır. Əgər real antiviral effekt olsaydı, bu dərmanlar Avropa və ABŞ klinik təlimatlarında geniş istifadə olunardı. Bu baş verməyib”.
Mütəxəssis virus infeksiyalarının böyük əksəriyyətinin dərmansız, öz-özünə sağaldığını bildirib:
“Uşaq 5-7 günə yaxşılaşır və valideyn düşünür ki, dərman kömək etdi. Plasebo effekti yaranır, yəni valideyn daha sakit olur, uşağa daha çox diqqət göstərir, simptomatik dəstək yaxşılaşır. Zaman faktoru dərman effekti kimi qəbul edilir. Bu, real antiviral təsir demək deyil. Ən təhlükəlisi isə odur ki, sistemli şəkildə qeyri-effektiv vasitələr normal müalicə kimi qəbul olunmağa başlayır. Uşaqlarda virus infeksiyasının düzgün idarəsi isə fərqlidir. Əgər söhbət adi respirator virusdan gedirsə, əsas yanaşma maye qəbulu, burun yuma, yaşa uyğun antipiretik parasetamol və ya ibuprofen, istirahət və klinik müşahidədir. Əgər ağırlaşma əlaməti varsa, nəfəs darlığı, letargiya, dehidratasiya, davamlı yüksək qızdırma zamanı artıq həkim müdaxiləsi və differensial diaqnoz vacibdir. Nəticə olaraq Anaferon və Ergoferon kimi preparatların uşaqlarda virus infeksiyalarında klinik effektivliyi yüksək keyfiyyətli elmi sübutlarla təsdiqlənməyib. Onların təyini daha çox ənənə, reklam və psixoloji rahatlama faktorları ilə bağlıdır, sübuta əsaslanan pediatriya ilə yox. Əgər məqsəd real tibbi nəticədirsə, seçim plasebo effekti yox, elmi əsaslı müalicə olmalıdır”.
Bəsti Rəfizadə
Sfera.az
