Tələsik yemək yemək hansı fəsadlara yol açır?

Tələsik yemək yemək hansı fəsadlara yol açır?
Kateqoriya məlum deyil
T

Gündəlik həyatın təlaşında yeməyi tez-tez və tələsik bitirmək bir çox insan üçün adət halını alıb. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, çox sürətli qidalanmaq fərqində olmadan normadan artıq yeməyə və orqanizmdə ciddi narahatlıqlara yol açır. Sağlam həyat üçün yavaş və şüurlu yemək vərdişi böyük əhəmiyyət kəsb edir.

Sfera.az tələsik qidalanmanın orqanizmdə yarada biləcəyi fəsadları təqdim edir.

1. Qarın köpü və həzmsizlik:

Tikələr kifayət qədər çeynənmədən udulduqda, qida ilə birlikdə mədəyə böyük həcmdə hava daxil olur. Bu durum gələcəkdə qaz, köp və həzm sistemində ciddi rahatsızlıqlar yaradır.

2. Lazım olduğundan artıq qidalanma:

Mədədən beynə toxluq siqnalının çatması təxminən 20 dəqiqə çəkir. Çox sürətlə yedikdə beyin doyduğunu hiss etməyə macal tapmır və insan lüzumsuz yerə normadan artıq qida qəbul edir.

3. Çəki nəzarətində çətinlik:

Araşdırmalar göstərir ki, sürətli yemək vərdişi birbaşa kəskin kalori artımına və çəki almağa gətirib çıxarır. Porsiya nəzarətini itirənlər üçün yemək müddətini uzatmaq ən effektiv yoldur.

4. Reflüks və mədə yanması:

Böyük tikələri qısa müddətdə və bol miqdarda qəbul etmək mədəyə düşən təzyiqi artırır. Bu da mədə turşusunun qida borusuna sızmasına, yəni reflüks və göynəməyə səbəb olur.

5. Qan şəkərinin kəskin yüksəlməsi:

Yeməyin çox tez bitirilməsi, xüsusilə karbohidratla zəngin menyularda qandakı şəkər səviyyəsinin ani şəkildə kəskin yüksəlməsinə təkan verir.

Yavaş yemək vərdişi qazanmaq üçün tikələr arasında çəngəl-qaşığı masaya qoymaq, qidaları tam əzilənədək çeynəmək və süfrə arxasında telefon, televiziya kimi diqqətdağıdıcı vasitələrdən uzaq durmaq tövsiyə olunur.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR