Soyuq qəhvənin bilinməyən ZƏRƏRLƏRİ

Yay aylarında və isti havalarda ən çox üstünlük verilən içkilərdən biri olan soyuq qəhvə insan orqanizminə gözlənilməz zərərlər vura bilər. Mütəxəssislərin fikrincə, xüsusilə buzlu və müxtəlif şirin şərbətlərlə hazırlanan soyuq qəhvələrin müntəzəm qəbulu bir sıra ciddi sağlamlıq problemlərinə yol açır.
Sfera.az xəbər verir ki, aparılan araşdırmalar göstərib ki, buzlu qəhvə ilk növbədə həzm sisteminə kəskin temperatur dəyişikliyi ilə təsir edir. Xüsusilə acqarına içildikdə mədə turşuluğunu kəskin artırır, qaz, köp, mədə qıcqırması və qastrit kimi narahatlıqları daha da dərinləşdirir. Bununla yanaşı, iri porsiyalı soyuq qəhvələrə əlavə edilən karamel, şokolad siropları, krem və şəkər orqanizmə normadan dəfələrlə artıq kalori ötürür. Bu vərdiş çəkinin sürətlə artmasına, piylənməyə və insulin müqavimətinin pozularaq diabet riskinin yüksəlməsinə zəmin yaradır.
Mütəxəssislər həmçinin xəbərdarlıq edib ki, qəhvənin tərkibindəki yüksək oksalat maddəsi böyrəklərdə daha tez çöküntü yaradaraq qum və daş əmələ gəlmə riskini artırır. Digər tərəfdən, insanlar soyuq içkini daha sürətlə və çox miqdarda qəbul etdikləri üçün orqanizmə qısa müddətdə böyük dozada kofein daxil olur. Bu hal ürək döyüntüsünün kəskin artmasına, qan təzyiqinin qalxmasına və xroniki yuxusuzluğa səbəb olur. Eyni zamanda, içkinin tərkibindəki yüksək turşuluq və şəkər temperatur fərqi ilə birləşərək diş emalını zədələyir, mikroçatlar və kariesin yaranmasını sürətləndirir.
Həkimlər bildirirlər ki, soyuq qəhvədən tamamilə imtina etmək məcburi olmasa da, sağlamlığı qorumaq üçün onu şəkərsiz, siropsuz və gün ərzində maksimum bir stəkanla məhdudlaşdırmaq vacibdir.
Bəsti Rəfizadə
Sfera.az





