Bu şəxslər səhər tezdən oyanmamalıdır – ARAŞDIRMA

Günümüzdə “səhər tezdən oyanmaq məhsuldarlığı artırır” kimi iddialar geniş yayılıb.
Sfera.az xəbər verir ki, lakin araşdırmalara görə, erkən oyanmağın faydaları ilə yanaşı, müəyyən riskləri də mövcuddur.
Səhər saatlarında beynin aktivliyi daha yüksək olur və bu, günün planlaşdırılması, diqqətin cəmlənməsi və məhsuldarlığın artmasına müsbət təsir göstərir. Sakit səhər saatları həm stressi azaldır, həm də insanlara fiziki fəaliyyət, sağlam səhər yeməyi və nizamlı gündəlik qrafik qurmaq imkanı verir. Erkən oyanan şəxslərin yuxu ritmi daha sabit olur və bu, metabolizmanın yaxşılaşmasına, hormonal balansın qorunmasına kömək edir.
Səhər tezdən oyanmaq hər kəs üçün eyni dərəcədə faydalı deyil. Bioloji ritmi gecə aktivliyinə uyğun olan şəxslər erkən qalxmağa məcbur olduqda yuxu borcu yarana, gün ərzində yorğunluq və diqqət azalması müşahidə oluna bilər. Erkən qalxan insanlarda stress hormonu olan kortizol səviyyəsinin yüksək ola biləcəyini göstərir ki, bu da psixoloji gərginliyi artıra bilər.
Faydalı nəticə əldə etmək üçün əsas olan təkcə erkən oyanmaq deyil, yuxu saatını kifayət qədər təmin etməkdir. Gec yatıb tez qalxmaq bədən üçün ciddi yük yarada və yuxu keyfiyyətini aşağı sala bilər.
Səhər tezdən oyanmağın faydaları olsa da, bu vərdiş hər kəs üçün uyğun deyil. Mütəxəssislər insanların bioritminə, həyat tərzinə və yuxu ehtiyacına uyğun rejim seçməsinin daha sağlam olduğunu vurğulayırlar.
Niyaz Hacıyev
Sfera.az
