Psixoloji problemi olan insanlar belə EDİRMİŞ - AÇIQLAMA

Psixi pozuntuların səbəbi ilə bağlı yeni iddia irəli sürülüb. Məlumata görə, beynəlxalq tədqiqatçılar qrupu tək bir gendə baş verən mutasiyanın bəzi psixi xəstəliklərin formalaşmasına birbaşa təsir göstərə biləcəyini müəyyən edib.
Bu nəticə şizofreniya və depressiya kimi xəstəliklərin yalnız çoxsaylı genetik və ətraf mühit amillərinin birgə təsirindən yarandığına dair geniş yayılmış yanaşmanın tam doğru olmadığını göstərir.
Ümumiyyətlə psixi pozuntunun əlamətləri hansılardır? Psixoloji problemi olan insanları ətrafımızda necə müəyyən edə bilərik?
Sfera.az-a bu barədə açıqlama verən psixoloq, psixoterapevt, Qərbi Kaspi Universitetinin müəllimi, Referans klinikasınln psixoloqu Elgül Ağarzayeva bildirib ki, psixi pozuntular əsasən depressiya və bipolyar əhval dəyişikliklərini, narahatlıq və fobiya kimi qorxu pozuntularını, obsesiv-kompulsiv davranışları, travmadan sonrakı stres reaksiyalarını, psixoz və reallıqdan qopma hallarını, şəxsiyyət quruluşundakı davamlı uyğunsuzluqları, yeyinti pozuntularını, maddə və davranış asılılıqlarını, həmçinin uşaq inkişafına bağlı nevro-inkişaf çətinliklərini əhatə edir:

“İnsanlarda psixi pozğunluqların əlamətləri çox vaxt davranış, emosional vəziyyət və düşüncə proseslərində baş verən davamlı dəyişikliklərlə özünü göstərir. Normalda hər bir insan müəyyən dövrlərdə stress, kədər və ya gərginlik yaşayır, lakin psixi pozğunluq zamanı bu hallar keçici olmur, gündəlik funksionallığa təsir edir və daha dərin şəkildə yaşanır".
Psixoloq əsasən uzunmüddətli kədər, motivasiya itkisi, emosional dalğalanmalar, səbəbsiz qorxu və təşviş, konsentrasiya və yaddaş problemləri, qərar verməkdə çətinlik, yuxu və iştah pozuntuları kimi əlamətlərin daha çox göründüyünü qeyd edib.
O vurğulayıb ki, bəzi hallarda insanın düşüncə məntiqində dəyişiklik olur, o, reallığı düzgün qiymətləndirməkdə çətinlik çəkir, hətta hallüsinasiyalar və ya yersiz şübhələr meydana çıxa bilər:
"Psixoloji problemi olan insanları ətrafımızda müəyyən etmək bəzən asan, bəzən isə çox çətin olur, çünki hamı əlamətləri eyni şəkildə yaşamır və bəzi insanlar onları gizlətməyə meyilli olur. Lakin ümumi müşahidələr göstərir ki, belə insanlar davranışlarında nəzərəçarpacaq dəyişikliklər göstərirlər. Əvvəllər ünsiyyətcil olan biri birdən qapanır, sosial fəaliyyətlərdən uzaqlaşır, emosional reaksiyaları kəskinləşir və ya əksinə, duyğusuz görünməyə başlayır. Gərginlik, əsəbilik, səbəbsiz ağlama, aqressiya və ya həddindən artıq laqeydlik də geniş yayılmış göstəricilərdir”.
E.Ağarzayeva insanın fərdi qayğısına, gigiyenasına, işinə və ya dərslərinə diqqəti azalırsa, gündəlik rutinləri pozulursa, bunun psixoloji yük və ya pozuntudan xəbər verdiyini diqqətə çatdırıb:
“Ən vacib məqam odur ki, psixi pozğunluq bir zəiflik deyil və insan bunu özü-özünə “keçirə biləcək” vəziyyət deyil. Bu, tibb və psixologiyanın sahəsinə daxil olan bir vəziyyətdir və müalicə oluna bilir. Buna görə də əlamətlər uzun sürürsə və insan gündəlik həyatına təsir edirsə, mütəxəssislə görüşmək ən düzgün addımdır. Biz ətrafımızda belə insanları gördükdə onları tənqid etmək və ya damğalamaq əvəzinə, dəstək göstərməli və peşəkar yardıma yönləndirməliyik”.
Fidan Hacızadə
Sfera.az






