Demensiyanın ilk siqnalları 10-15 il əvvəl üzə çıxa bilər – Həkimdən AÇIQLAMA

Demensiyanın inkişaf riskinə işarə edə bilən bəzi dəyişikliklər xəstəliyin əsas əlamətləri ortaya çıxmazdan illər əvvəl müşahidə edilə bilər.
Sfera.az xəbər verir ki, terapevt Annet Bosvort bu barədə “Diary of a CEO” podkastında danışıb. Həkimin sözlərinə görə, uzun müddət yüksək insulin səviyyəsi və insulin müqaviməti gələcəkdə koqnitiv funksiyaların zəifləməsi ilə əlaqəli ola bilər. O bildirib ki, maddələr mübadiləsində yaranan pozuntular beyinin fəaliyyətinə yaddaş itkisi və oriyentasiya problemləri kimi aşkar əlamətlər ortaya çıxmazdan xeyli əvvəl təsir göstərə bilər.
Bosvort qeyd edib ki, gələcəkdə koqnitiv funksiyaların zəifləməsi ilə bağlı bəzi dəyişikliklər klinik diaqnozdan 10-15 il əvvəl meydana çıxa bilər.
Bununla belə, həkim insulin müqavimətinin demensiyanın birbaşa erkən simptomu olmadığını vurğulayıb. O qeyd edib ki, diabetlə demensiya arasında əlaqə elmi araşdırmalarla təsdiqlənsə də, bu, insulin müqavimətinin mütləq şəkildə gələcəkdə demensiyaya səbəb olacağı anlamına gəlmir.
Həkim beyin sağlamlığını qorumaq üçün qlikasiya olunmuş hemoglobin (HbA1c) və D vitamini səviyyələrinə nəzarət etməyin vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu göstəricilər demensiyanın inkişafını birbaşa proqnozlaşdırmır.
Bosvort yaddaşla bağlı problemlər müşahidə edildikdə isə özbaşına nəticə çıxarmaq əvəzinə həkimə müraciət edərək ətraflı müayinədən keçməyi tövsiyə edib.
İnci
Sfera.az






