Alimlər koronavirusun müalicəsində ümidverici nəticə əldə edib

Alimlər koronavirusun müalicəsində ümidverici nəticə əldə edib
Kateqoriya məlum deyil
T

Braziliyaya məxsus ağacın yarpaqlarında olan birləşmələrin koronavirusa qarşı təsirli olduğu müəyyən edilib. Alimlər bu kəşfin COVID-19-un müalicəsində yeni imkanlar yarada biləcəyini düşünürlər.

Sfera.az xəbər verir ki, Braziliyanın Atlantik meşələrində yetişən Copaifera lucens Dwyer adlı ağacın yarpaqlarından əldə edilən qalloilkinik turşuların SARS-CoV-2 virusuna qarşı müxtəlif istiqamətlərdə təsir göstərdiyi aşkarlanıb.

“Scientific Reports” jurnalında dərc olunan araşdırmaya görə, sözügedən bitki birləşmələri virusun insan hüceyrələrinə daxil olmasını və çoxalmasını əngəlləyə bilir. Bundan əlavə, bu maddələrin iltihabəleyhinə xüsusiyyətlərə malik olduğu və ağır COVID-19 hallarının fəsadlarından biri olan immun sisteminin həddindən artıq reaksiyasını azaltmaq potensialı daşıdığı bildirilib.

Bir çox antiviral dərman virusun yalnız bir zülalını hədəf alır. Yeni aşkar edilən birləşmələr isə bir neçə hədəfə eyni vaxtda təsir göstərir. Tədqiqatçılar hesab edirlər ki, bu çoxşaxəli təsir mexanizmi virusun dərmana qarşı müqavimət inkişaf etdirməsi ehtimalını azalda bilər.

Braziliyanın zəngin bitki örtüyünün dərman hazırlanmasındakı potensialını göstərən bu nəticələr ümidverici olsa da araşdırma hələ ilkin mərhələdədir.

Sözügedən birləşmələrin təhlükəsiz və effektiv COVID-19 dərmanına çevrilməsi üçün əlavə laboratoriya araşdırmaları, heyvanlar üzərində sınaqlar və insanlarla klinik tədqiqatlar aparılmalıdır. Hazırda bu maddələrin koronavirusun müalicəsində təsdiqlənmiş dərman olduğu barədə danışmaq mümkün deyil.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR