Xəzərdə təhlükəli ssenari: ABŞ İran limanlarını vura bilərmi?
ABŞ-nin İrana qarşı təzyiqləri yalnız iqtisadi sanksiyalar və dəniz blokadası ilə məhdudlaşmaya bilər. Vaşinqtonun “Dəmir Qapı” (Iron Gate) əməliyyatı çərçivəsində İranın hərbi təchizat imkanlarını, xüsusilə Rusiya ilə mövcud hərbi əməkdaşlığını məhdudlaşdırmağa çalışacağı gözlənilir. Bu səbəbdən, Xəzər dənizi üzərindən İrana daşınan silah və hərbi avadanlıqların qarşısının alınması məsələsi də diqqət mərkəzinə gəlib.
Bəs Vaşinqton Rusiya ilə İran arasındakı hərbi-logistik əlaqələri hansı mexanizmlərlə kəsə bilər? Bu məqsədlə İranın Xəzər sahilindəki limanlarının və hərbi infrastrukturunun vurulması real ssenariyə çevrilə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, hazırda bu mexanizmin necə tətbiq olunacağı bəlli deyil və məsələ bir çox qeyri-müəyyənliklərlə müşayiət olunur.
Onun sözlərinə görə, Xəzər dənizində ABŞ donanmasının olmaması hərbi avadanlıqların daşınmasına nəzarət və onların qarşısının alınması prosesini mürəkkəbləşdirir:
“Bununla belə, ABŞ-nin hərbi aviasiya və digər imkanları regiondakı limanları, silah anbarlarını, raket və dron qurğularını hədəfə almağa imkan verir. Belə bir əməliyyatın bir neçə saatlıq zərbə ilə yekunlaşmama ehtimalı da var. Limanların və hərbi infrastrukturun tamamilə sıradan çıxarılması genişmiqyaslı bombardman tələb edə, nəticədə İranın cavab hücumlarına və yeni hərbi qarşıdurmaya səbəb ola bilər”.

N.Mirinin fikrincə, ABŞ-nin hazırkı mərhələdə əsas məqsədi yeni müharibəyə başlamaqdan daha çox iqtisadi sanksiyaları və dəniz blokadasını gücləndirməkdir. O bildirib ki, quru sərhədləri vasitəsilə İranla ticarətin məhdudlaşdırılması üçün qonşu ölkələrə də təzyiqlər göstərilir. Bu proses İraq, Türkmənistan, Pakistan və digər qonşu dövlətlərlə yanaşı, Azərbaycanı da əhatə edə bilər.
Politoloq, o cümlədən, Xəzər dənizi üzərindən daşımaların qarşısının alınması üçün bir neçə mümkün ssenarinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, variantlardan biri Rusiya gəmilərinin saxlanılması və hərbi yüklərin müsadirə edilməsidir. Politoloq digər ehtimalın isə Ukrayna vasitəsilə həmin gəmilərin hədəfə alınması və ya ABŞ-nin birbaşa müdaxiləsi olduğunu deyib:
“Başqa bir ssenari İranın Xəzər sahilindəki limanlarının və həmin ərazilərdə yerləşən hərbi infrastrukturun vurulmasıdır. Lakin belə bir addım İranın cavab reaksiyasına, eyni zamanda ABŞ-Rusiya münasibətlərində əlavə gərginliyə yol aça bilər. Bütün bu ehtimallar hələlik müzakirə səviyyəsindədir və ABŞ-nin hansı mexanizmə üstünlük verəcəyi yaxın zamanda bəlli olacaq”.
İradə Elsevər






