Rusiya idmançılarına qarşı sanksiya tətbiq olunacaq, viza verilməyəcək - İDDİA
Avropa İttifaqında (Aİ) rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirak imkanlarının məhdudlaşdırılması və onlara qarşı sanksiyaların tətbiqi məsələsi müzakirə olunur.
Sfera.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Məlumata görə, müzakirələr Avropa Xarici Fəaliyyət Xidmətində aparılır. Təkliflər arasında rusiyalı idmançıların yarışlara qaytarılmasına razılıq verən idman federasiyalarına Aİ tərəfindən ayrılan maliyyələşmənin azaldılması da var. Bundan əlavə, idman yarışlarının televiziya yayımlarından əldə edilən gəlirlərin hara yönəldiyinin araşdırılması və rusiyalı idmançıların çıxışlarını yayımlayan şirkətlərə təzyiq göstərilməsi təklif olunub.
Digər variant isə Rusiya idmançılarına viza verilməməsidir.
Xatırladaq ki, 2022-ci il fevralın 28-də, Rusiya-Ukrayna müharibəsinin başlamasından qısa müddət sonra Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq federasiyalara rusiyalı idmançıların yarışlardan kənarlaşdırılmasını tövsiyə edib. Bir çox federasiya bu tövsiyəyə əməl edib, Rusiya isə müxtəlif idman növləri üzrə bir sıra beynəlxalq turnirlərə ev sahibliyi etmək hüququndan məhrum edilib.
Bəzi beynəlxalq federasiyalar rusiyalı idmançıların yarışlarda iştirakına icazə versələr də, onların yalnız neytral statusda çıxış etməsinə şərait yaradıldı. 2023-cü ildən etibarən bəzi federasiyalar rusiyalı idmançıları neytral statusda yarışlara qaytarmağa başlayıb. 2025-ci ildən isə bir sıra federasiyalar onlara bayraq və himnlə çıxış etmək hüququ verib. Beynəlxalq Boks Assosiasiyası bu qərarı hələ 2022-ci ilin oktyabrında qəbul edib.
Bəsti Rəfizadə






