Paşinyanın maaşı artırıldı - BU QƏDƏR QAZANACAQ

Ermənistanda dövlət vəzifələrində çalışan şəxslərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
Sfera.az xəbər verir ki, bununla bağlı “Dövlət vəzifələrində çalışan şəxslərin əməyinin ödənilməsi haqqında” qanuna dəyişikliklər layihəsi Ermənistan hökumətinin iclasında təsdiqlənib.
Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, qanun layihəsi qəbul ediləcəyi təqdirdə, dəyişikliklərin icrası üçün dövlət büdcəsindən hər il əlavə 25 milyard dramdan (68,5 milyon dollardan çox və təxminən 112,5 milyon manat) vəsait ayrılacaq.
Dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın sözlərinə görə, yerli özünüidarəetmə orqanlarında çalışanların maaşları 2-3 dəfə artırılacaq. Belə ki, icma rəhbərlərinin aylıq əməkhaqqının ən azı 700 min drama, yəni təxminən 3 150 manata çatdırılması nəzərdə tutulur.
Nazirlərin maaşı isə iki dəfə artırılaraq təxminən 2 milyon drama (9 000 manat) yüksəldiləcək.
Qanun layihəsinə əsasən, Ermənistan prezidentinin aylıq maaşı 2,6 milyon dram (11 700 manat), baş nazir müavinlərinin maaşı 2,1 milyon dram (9 450 manat), İnsan Hüquqları Müdafiəçisi və baş prokurorun maaşı isə 1,8 milyon dram (8 100 manat) olacaq.
Milli Assambleyanın spikeri və Konstitusiya Məhkəməsinin sədrinin aylıq əməkhaqqının 2,4 milyon drama (10 800 manat), deputatların maaşının isə 1,4 milyon drama (6 300 manat) çatdırılması planlaşdırılır.
Baş nazir Nikol Paşinyanın hazırda 1 milyon 498 min dram (təxminən 6 740 manat) təşkil edən aylıq maaşının 80 faiz artırılaraq 2 milyon 696 min drama (təxminən 12 130 manata) çatdırılması nəzərdə tutulur.
Paşinyan bildirib ki, dövlət vəzifələrində çalışan şəxslərin əməkhaqlarının məbləği onların fəaliyyətinin səmərəliliyindən asılı olacaq. O, həmçinin hökumətin iki il əvvəl qəbul etdiyi qaydanı xatırladaraq, Ermənistan rəsmilərinin hədiyyə qəbul etməsinə icazə verilmədiyini qeyd edib.
Firuzə Əliyeva






