Logo

Ermənistan Rusiyadan uzaqlaşır - KTMT-nin qərarı təsadüfi deyil

Ermənistan Rusiyadan uzaqlaşır - KTMT-nin qərarı təsadüfi deyil
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında münasibətlərdə gərginlik yeni mərhələyə qədəm qoyub. Ermənistanın təşkilatın fəaliyyətində iştirakını dondurmasından sonra ölkənin səsvermə hüququndan məhrum edilməsi ilə bağlı yayılan məlumatlar İrəvanın qurumdakı gələcək statusunu yenidən gündəmə gətirib. Bu prosesin Ermənistanın KTMT-dən tamamilə uzaqlaşması ilə nəticələnib-nəticələnməyəcəyi, eləcə də Avrasiya İqtisadi Birliyi (Aİİ) ilə münasibətlərə mümkün təsiri müzakirə olunur.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Ermənistanın səsvermə hüququnun dayandırılması üzvlük haqqının ödənilməməsi ilə əlaqələndirilib.

Onun fikrincə, KTMT-nin qərarına yalnız maliyyə borcu ilə bağlı texniki problem kimi yanaşmaq düzgün deyil:

“Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi İrəvanın təşkilat daxilində üzləşdiyi siyasi və institusional problemlərin daha aydın ifadəsidir. Ermənistanın son illərdə KTMT-yə münasibəti, təşkilatın fəaliyyətində iştirakını məhdudlaşdırması və təhlükəsizlik siyasətində alternativ istiqamətlər axtarması Moskva ilə İrəvan arasında münasibətlərin əvvəlki məzmununu dəyişib. Moskvanın bu addımının siyasi tərəfi ondan ibarətdir ki, Ermənistan artıq təşkilatın qərarlarının qəbulunda əvvəlki iştirak imkanlarına malik deyil. Bununla belə, səsvermə hüququnun məhdudlaşdırılması Ermənistanın KTMT-dən avtomatik çıxarılması demək deyil. Hazırkı mərhələdə əsas məsələ üzvlükdən çıxarılma deyil, İrəvanın təşkilat daxilində siyasi təsir imkanlarının zəifləməsidir”.

Ermənistan Rusiyadan uzaqlaşır - KTMT-nin qərarı təsadüfi deyil

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyətinin Qərblə yaxınlaşma siyasəti Moskva ilə münasibətlərdə etimad problemini daha da dərinləşdirir:

“Ermənistan hakimiyyətinin Qərblə yaxınlaşma siyasəti Moskva ilə münasibətlərdə etimad problemini daha da dərinləşdirir. Ermənistan hakimiyyəti bir tərəfdən KTMT ilə münasibətləri faktiki olaraq dondurur, digər tərəfdən Avropa İttifaqına inteqrasiya istiqamətində siyasi addımlar atır. Bu proses artıq sadəcə diplomatik ritorika deyil, Ermənistanın təhlükəsizlik və xarici siyasət prioritetlərinin dəyişməsi ilə müşayiət olunur”.

T.İsmayılov vurğulayıb ki, Avrasiya İqtisadi Birliyi ilə bağlı vəziyyət KTMT-dən fərqlənir:

“Avrasiya İqtisadi Birliyi ilə bağlı vəziyyət KTMT-dən fərqlənir. Onun fikrincə, Ermənistanın bu təşkilatdan avtomatik uzaqlaşdırılması ehtimalını qəti şəkildə irəli sürmək doğru olmaz. Avrasiya İqtisadi Birliyi Ermənistan üçün mühüm iqtisadi bazar, ticarət və əmək miqrasiyası imkanları deməkdir. Rusiya ilə iqtisadi əlaqələrin miqyası İrəvanın bu platformadan ayrılmasını siyasi qərardan daha mürəkkəb prosesə çevirir. Bununla belə, Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində irəliləməsi ilə Aİİ-dəki öhdəliklərini uzun müddət paralel şəkildə davam etdirməsi ciddi ziddiyyətlər yarada bilər. Çünki bu iki inteqrasiya modelinin gömrük, ticarət və iqtisadi tənzimləmə mexanizmləri bir-birindən fərqlənir. İrəvanın qarşısında müəyyən mərhələdə konkret geosiyasi və iqtisadi seçim zərurəti yarana bilər”.

Ekspertin sözlərinə görə, Ermənistan Qərblə siyasi yaxınlaşmanı genişləndirməyə çalışsa da, Rusiya ilə iqtisadi əlaqələrini qorumaqda maraqlıdır:

“Bu iki istiqaməti uzun müddət eyni intensivliklə davam etdirmək asan olmayacaq. Moskva da İrəvanın xarici siyasət kursundakı dəyişiklikləri cavabsız qoymaq niyyətində olmadığını institusional addımlarla nümayiş etdirir. Yaxın perspektivdə Ermənistanın KTMT-dən dərhal çıxarılmasından daha çox, təşkilat daxilində real iştirakının və siyasi təsir imkanlarının zəifləməsi gündəmdə qala bilər. Avrasiya İqtisadi Birliyi məsələsində isə iqtisadi maraqlar və qarşılıqlı öhdəliklər prosesi daha mürəkkəb edir. İrəvanın qarşısında duran əsas məsələ Qərblə yaxınlaşmanın siyasi dividendlərini Rusiya ilə münasibətlərin iqtisadi və təhlükəsizlik nəticələri ilə uzlaşdırmaqdır”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR