ABŞ-nin yeni sanksiyaları: İran tab gətirə biləcəkmi?

ABŞ-nin yeni sanksiyaları: İran tab gətirə biləcəkmi?
Kateqoriya məlum deyil
T

"İran hökuməti ABŞ-nin sanksiyalarının sərtləşdirilməsinə, yeni məhdudiyyətlər tətbiq etməsinə hazır idi və potensial problemlərin öhdəsindən gəlmək üçün əvvəlcədən plan hazırlayıb".

Sfera.az xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib.

Nazir izah edib ki, kabinetin iki illik iqtisadi inkişaf planı var və orada bütün problemlər nəzərə alınıb. Onun sözlərinə görə, Vaşinqton İran iqtisadiyyatının damarlarını kəsməklə məqsədlərinə çata bilməyəcək.

Maraqlıdır, İran ABŞ-nin son təzyiqinə tab gətirə biləcəkmi?

Sfera.az-a bu haqda açıqlama verən politoloq Yusif Bağırzadənin sözlərinə əsasən, İran iqtisadiyyat nazirinin ABŞ-nin yeni sanksiyalarına qarşı əvvəlcədən plan hazırlandığını bildirməsi əslində Tehranın əsas strategiyasını kifayət qədər aydın göstərir:

“Bu strategiya sanksiyaları birdəfəlik aradan qaldırmaq deyil, onların yaratdığı təzyiqi idarəolunan səviyyədə saxlamaq və iqtisadi sistemin çökməsinin qarşısını almağa hesablanıb. Mədənizadə Vaşinqtonun yeni tədbirlərinə qarşı İranın hazırlıqlı olduğunu və ABŞ-nin əvvəlki təzyiq siyasətinin də Tehranı təslim olmağa məcbur etmədiyini vurğulayıb. Həqiqətən də İranın müəyyən mənada bu təzyiqə tab gətirmək təcrübəsi var. Ölkə uzun illərdir sanksiyalar şəraitində yaşayır və alternativ ticarət marşrutları, vasitəçi şirkətlər, qeyri-dollar hesablaşmaları və Çinlə enerji ticarəti kimi mexanizmlər formalaşdırıb. Bu baxımdan Vaşinqtonun İranın bütün gəlir kanallarını birdən-birə bağlaması olduqca çətin məsələdir. Üstəlik, ABŞ-nin yeni kampaniyasında əsas hədəflərdən biri İranla işləyən üçüncü ölkələrdir, lakin Çin kimi böyük iqtisadi tərəfdaşlara qarşı ən sərt addımların dərhal atılmaması göstərir ki, Vaşinqtonun da müəyyən məhdudiyyətləri var”.

Politoloq hazırki iqtisadi vəziyyətin İran üçün arzuolunan olmadığını bildirib:

“Ölkə artıq ciddi iqtisadi itkilərlə üzləşib. BVF-nin proqnozuna görə İranda istehlak qiymətlərinin təxminən 68,9 faiz artması gözlənilir. Bu onu göstərir ki, yeni sanksiyalar İran üçün sadəcə əlavə narahatlıq deyil, artıq çox zəifləmiş iqtisadi sistemə əlavə yük olacaq.

Ən böyük risk şübhəsiz ki, neft gəlirlərinin azalması ilə bağlıdır. İran büdcəsi və valyuta gəlirlərinin mühüm hissəsi enerji sektorundan asılıdır. ABŞ-nin son tədbirləri məhz neft ixracının, gəmiçilik və sanksiyalardan yayınma şəbəkələrinin məhdudlaşdırılmasına yönəlib. İran neftinin əsas alıcısı olan Çinin idxalının da son aylarda ciddi azalması Tehran üçün xəbərdarlıq siqnalıdır.

Düşünürəm ki, İranın qısa və orta müddətdə bu təzyiqə tab gətirməsi mümkündür, lakin bunu ciddi iqtisadi və sosial qiymət ödəmədən həyata keçirməsi real görünmür. Tehran üçün indi əsas məsələ əhalinin yaşayış səviyyəsinin sürətlə pisləşməsinin qarşısını almaq üçün hansısa addımların atılması olacaq. Çünki inflyasiyanın yüksək səviyyədə qalması, milli valyutanın zəifləməsi və işsizliyin artması daxili sosial narazılığı gücləndirə bilər ki, İran rejiminin ən çox qorxduğu da məhz budur. Ümumi olaraq deyim ki, İranın hazırladığı plan ABŞ təzyiqinə müəyyən mənada müqavimət göstərə bilər, amma onun effektivliyi əsasən Çin, Rusiya və digər tərəfdaşların Tehranla iqtisadi əməkdaşlığı davam etdirib-etdirməməsindən asılı olacaq. Əgər İran neft gəlirlərinin müəyyən hissəsini qoruyub alternativ ticarət kanallarını saxlaya bilsə, rejimin iqtisadi baxımdan yaxın müddətdə çökməsi ehtimalı aşağıdır. Lakin sanksiyalar uzun müddət davam edər və əsas xarici gəlir kanalları da daralarsa, Tehranın əsas problemi ABŞ-nin sanksiyalarına deyil, daxildə artan iqtisadi və sosial təzyiqə tab gətirmək olacaq”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR