Türk dünyasının yeni güc oxu: Bakı-Daşkənd İttifaqı

Türk dünyasının yeni güc oxu: Bakı-Daşkənd İttifaqı
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Türk dünyasının inteqrasiyasında yeni era açan müstəsna addımlarla biridir. Səfər çərçivəsində iki ölkə arasında imzalanan "Əbədi dostluq haqqında Müqavilə" Bakı ilə Daşkənd arasındakı strateji tərəfdaşlığı sadəcə diplomatik müstəvidə deyil, həm də mənəvi və hüquqi baxımdan ən yüksək zirvəyə ucaldıb. Bu tarixi sənəd İlham Əliyevin yürütdüyü uzaqgörən və milli maraqlara söykənən xarici siyasətinin bir nümunəsidir, həmçinin Azərbaycanın Xəzər və Mərkəzi Asiya regionunu birləşdirən əsas güc mərkəzinə çevrildiyini bir daha bütün dünyaya sübut etdi.

Sfera.az xəbər verir ki, əslində, Azərbaycan və Özbəkistan xalqlarını bağlayan teller dünən və ya bu gün yaranmayıb.

Bu münasibətlərin təməlində əsrlərin sınağından çıxmış ortaq soy-kök, zəngin mədəniyyət, eyni din və dil birliyi dayanıb. Nizami Gəncəvidən Əlişir Nəvaiyə qədər uzanan ədəbi-mədəni körpülər hər iki xalqın bir-birinə olan mənəvi bağlılığını hələ əsrlər öncə möhkəmləndirib. Müstəqillik dövründə isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə təməli qoyulan rəsmi diplomatik əlaqələr qarşılıqlı hörmət və suverenliyə dəstək prinsipi üzərində sürətlə inkişaf etməyə başlayıb.

Bu gün isə iki qardaş dövlət arasında formalaşan bu sarsılmaz bağlar özünün ən parlaq dövrünü yaşayır. Xüsusilə Vətən müharibəsində və ondan sonrakı bərpa-quruculuq dövründə Özbəkistanın Azərbaycana nümayiş etdirdiyi mənəvi və siyasi dəstək Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən və müasir təhsilin rəmzinə çevrilən Mirzə Uluqbəy adına məktəb bu qardaşlığın canlı sübutudur. İqtisadi-ticari əlaqələrin genişlənməsi, Bakı-Tbilisi-Qars və Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika imkanlarının birləşdirilməsi Özbəkistan və Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında aşırılmaz bir strateji körpüyə çevirib.

Liderlərin şəxsi dostluğu, qarşılıqlı etimadı və sarsılmaz siyasi iradəsi iqtisadiyyatdan hərbi-strateji əməkdaşlığa qədər hər bir sahədə öz bəhrəsini verir. Daşkənddə imzalanan "Əbədi dostluq haqqında Müqavilə" sadəcə iki dövlət arasında protokol sənədi deyil, Türk Dövlətləri Təşkilatının güclənməsinə, regionda daimi sülhün və iqtisadi yüksəlişin bərqərar olmasına xidmət edən strateji bir addımdır. Bu diplomatik nümunə Azərbaycanı yalnız regional lider kimi deyil, qlobal geosiyasi proseslərə yön verən güvənli müttəfiq kimi mövqeləndirir və gələcək nəsillərə daha təhlükəsiz, vahid Türk dünyası irsi saxlayır.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR