Türkiyədə vəqf sədri saxlanıldı - FOTOLAR

Furkan Vəqfinə qarşı keçirilən əməliyyatda vəqfin qurucu rəhbəri Alparslan Kuytul, həyat yoldaşı Semra Kuytul, eləcə də çoxsaylı vəqf üzvləri saxlanılıb. Əməliyyatla bağlı təfərrüatları ədliyyə naziri Akın Gürlek açıqlayıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adana Vilayət Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları səhər tezdən Furkan Vəqfinə qarşı əməliyyat keçiriblər.
Vəqfin qurucu rəhbəri Alparslan Kuytulun evinə çoxsaylı polis qrupları göndərilib. Evdə axtarış aparılıb, Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul nəzarətə alınıb. Eyni əməliyyatda bir çox vəqf üzvü də saxlanılıb.
Ədliyyə naziri Akın Gürlek də əməliyyatla bağlı açıqlama verib. Nazir Gürlekin sosial şəbəkədəki açıqlamasında qeyd edilir ki, vətəndaşların dincliyini və təhlükəsizliyini təhdid edən, fərdlərə təzyiq göstərən və cinayət yolu ilə haqsız qazanc əldə edən strukturlara qarşı qanun çərçivəsində mübarizə davam etdirilir.
Adana Baş Prokurorluğu tərəfindən başladılan və Adana Vilayət Polis İdarəsi ilə koordinasiyalı şəkildə aparılan istintaqda ictimaiyyət tərəfindən "Kuytulistlər" kimi tanınan təşkilatın cinayət tərkibli fəaliyyətləri və bu fəaliyyətlərdən əldə edilən gəlirlər diqqətlə araşdırılıb.
Xatırladaq ki, bir müddət əvvəl "Süleymançılar" dini icmasının lideri Əlihan Kuriş də daxil olmaqla, 33 nəfər haqqında həbs qərarı verilib. Son günlərdə dini icma və icmalara qarşı əməliyyatlar maraqla qarşılanır.
Vasif








