Ermənistana ilin sonunadək vaxt verildi

Ermənistan 2026-cı ilin dekabrına qədər Avropa İttifaqına (Aİ) qoşulmaq və ya Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünü qoruyub saxlamaq məsələsi üzrə ümumxalq referendumunun keçirilməsi ilə bağlı qərar verməlidir.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Diplomat bildirib ki, bundan sonra AİB-ə üzv dövlətlərin rəhbərlərinin görüşündə mümkün sonrakı addımlar məsələsi müzakirə olunacaq:
“Həmin vaxta qədər referendum keçirilməsi çağırışına qulaq asılmasa, liderlər sonrakı müvafiq birgə addımları müəyyənləşdirərkən bu faktı nəzərə alacaqlar”.
Rusiya XİN rəhbərinin müavini xatırladıb ki, mayın 29-da Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri birgə bəyanatda Ermənistanda mümkün qədər qısa müddətdə Aİ-yə qoşulmaq və ya AİB-də qalmaq məsələsi üzrə referendumun keçirilməsinin zəruriliyindən bəhs edilib:
“Həmçinin artıq qeyd olunub ki, bu məsələ dekabr ayında keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının iclasında yenidən müzakirə ediləcək. Həmin vaxt dövlət başçılarına 2014-cü il mayın 29-da imzalanmış AİB haqqında müqavilənin Ermənistan üçün qüvvəsinin dayandırılmasının mümkün nəticələri barədə hesabat təqdim olunmalıdır”.






