Azərbaycanın hava gücündə yeni mərhələ – Türkiyə kritik sistemi Bakıya verdi

Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Hərbi Hava Qüvvələrinin imkanlarını genişləndirən yeni addım atılıb.
Sfera.az xəbər verir ki, Türkiyənin HAVELSAN şirkəti tərəfindən hazırlanmış HvBS Hava Qüvvələri Məlumat Sisteminin kritik əhəmiyyətli imkanlarının bir hissəsi Azərbaycana təhvil verilib. Anadolu Agentliyinin məlumatına görə, sistem artıq Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığının avadanlıq və idarəetmə infrastrukturuna inteqrasiya edilib.
HvBS ilkin olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün hazırlanıb. Sistem hava əməliyyatlarının əsas proseslərini rəqəmsal mühitdə idarə etməyə imkan verir. Buraya əməliyyatların planlaşdırılması və hazırlanmasından başlayaraq tapşırıqların icrası, hava məkanındakı vəziyyətə nəzarət və əməliyyat nəticələrinin təhlilinədək müxtəlif mərhələlər daxildir.
Sistemin Azərbaycana verilməsi əməliyyat mərkəzlərində çalışan hərbçilərə hava məkanındakı vəziyyəti vahid sistem üzərindən izləmək, məlumatları real vaxt rejimində qəbul və emal etmək, həmçinin əməliyyatlar zamanı daha sürətli qərarlar qəbul etmək imkanı yaradacaq.
HAVELSAN-dan bildirilib ki, bu addım Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafının növbəti mərhələsidir.
Bununla yanaşı, Türkiyənin TUSAŞ aerokosmik şirkətinin baş direktoru Mehmet Dəmiroğlu Azərbaycanın HÜRKUŞ-II təlim-məşq təyyarələrinin alınmasına dair müqavilə imzalamağa yaxın olduğunu açıqlayıb.
HÜRKUŞ-II pilotların tam hazırlıq dövrü üçün nəzərdə tutulub. Təyyarə ilkin və əsas uçuş hazırlığından başlayaraq pilotların daha sonra döyüş təyyarələrinin idarə edilməsinə keçidinə qədər müxtəlif təlim mərhələlərində istifadə oluna bilir./musavat






