Gürcüstan Qərblə əlaqələrini itirir? — Cənubi Qafqazda yeni balans

Gürcüstan Qərblə əlaqələrini itirir? — Cənubi Qafqazda yeni balans
Kateqoriya məlum deyil
T

Türkiyədə keçirilən NATO Zirvə toplantısına dəvət almayan Gürcüstanda "beynəlxalq izolyasiya" ilə bağlı ciddi müzakirələr başlayıb. Ölkənin beynəlxalq platformalarda strateji əhəmiyyətini itirdiyi iddia edilib.

Gürcüstanın NATO-dakı keçmiş daimi nümayəndəsi Levan Dolidze mövcud xarici siyasətin milli maraqlara ciddi zərər vurduğunu söyləyib. O, ölkənin yalnız NATO-dan deyil, həm də Avropa İttifaqı daxilindəki müzakirələrdən kənarda qaldığını qeyd edib.

Gürcüstan həqiqətən də beynəlxalq arenada “izolyasiya” olunur? Bu vəziyyət Cənubi Qafqazda geosiyasi balansı necə dəyişə bilər?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Sfera.az-a açıqlama verib.

O bildirib ki, bunun səbəbi Gürcüstanın müstəqil siyasət yürütmək istəyi ilə bağlıdır:

“Məlumdur ki, Gürcüstan uzun illər ərzində Cənubi Qafqazda NATO-nun əsas tərəfdaşlarından biri hesab olunub. NATO ilə fəal əməkdaşlıq, Avropa İttifaqı ilə inteqrasiya siyasəti və ABŞ ilə strateji tərəfdaşlıq ölkənin xarici siyasətinin əsas istiqamətlərini təşkil edirdi. Lakin, son dövrdə qəbul edilən bəzi qanunlar, demokratik institutların fəaliyyəti ilə bağlı Qərbin irəli sürdüyü tənqidlər və hakimiyyətin xarici siyasətdə daha müstəqil kurs nümayiş etdirməsi münasibətlərdə etimad böhranı yaradıb. Gürcüstanın bəzi yüksək səviyyəli beynəlxalq platformalarda əvvəlki qədər fəal təmsil olunmamasının səbəbi də məhz bununla bağlıdır. Amma buna baxmayaraq NATO-nun Türkiyədə keçirilən Zirvə toplantısına Gürcüstanın dəvət edilməməsini tam izolyasiya kimi qiymətləndirmək də düzgün olmaz. Bəli, Tiflisin Qərblə siyasi münasibətlərində ciddi soyumanın baş verdiyi ortadadır, amma NATO indiyə qədər hərbi Alyansla kifayət qədər uğurlu əməkdaşlıq etmiş ölkəni tamamilə təcrid edib, onun Rusiyaya doğru itələnməsində də maraqlı deyil. Son statistikaya baxsaq görərik ki, Gürcüstan 2008-ci ildən bəri 11 dəfə NATO sammitlərində iştirak edib və son dəfə 2024-cü ildə Vaşiqtonda keçirilən Sammitə də tərəfdaş ölkə olaraq dəvət alıb. Keçən il Haaqa Sammitinə və indi Ankara Sammitinə dəvət almaması isə dediyim soyuqluq səbəbindən Gürcüstan hakimiyyətinə bir xəbərdarlıq mesajı verməyə hesablanıb”.

Politoloqun sözlərinə əsasən, söhbət beynəlxalq sistemdən təcrid olunmaqdan deyil, siyasi dialoqun intensivliyinin azalmasından və qarşılıqlı etimadın zəifləməsindən gedir:

“Gürcüstan hazırda da NATO-nun tərəfdaş ölkəsi statusunu saxlayır, Avropa İttifaqı ilə əməkdaşlıq mexanizmləri qüvvədə qalır və ABŞ ilə diplomatik münasibətlər davam edir. Gələcəkdə Gürcüstan Qərblə münasibətlərdə yaranmış fikir ayrılıqlarını aradan qaldıracaqsa o zaman ortada problem də qalmayacaq. Yox əgər bu fikir ayrılıqları davam edəcəksə və qarşılıqlı münasibətlərdə problemlər daha da dərinləşəcəksə o zaman həm təhlükəsizlik, həm də iqtisadi əməkdaşlıq baxımından müəyyən risklər yarana bilər. Bu prosesin Cənubi Qafqazdakı geosiyasi balans üzərində də təsirləri mümkündür. Son illərdə regionda yeni siyasi dinamika formalaşır. Azərbaycan nəqliyyat və enerji layihələri sayəsində regional əməkdaşlığın əsas iştirakçılarından birinə çevrilib, Ermənistan isə Avropa İttifaqı və digər Qərb tərəfdaşları ilə münasibətlərini genişləndirməyə çalışır. Belə bir şəraitdə Gürcüstanın Qərblə əlaqələrinin zəifləməsi onun regiondakı əvvəlki mövqeyinə də müəyyən təsir göstərə bilər. İstənilən halda Gürcüstanın geostrateji əhəmiyyəti hələ də yüksək olaraq qalır. Qara dənizə çıxışı, enerji marşrutları və Şərq-Qərb tranzitində oynadığı rol bu ölkəni həm Qərb, həm də region dövlətləri üçün vacib tərəfdaş olaraq saxlayır. Məhz buna görə də nə NATO, nə Avropa İttifaqı, nə də ABŞ Gürcüstanla əlaqələri tamamilə zəiflətməkdə maraqlı deyillər”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ