Moskva Ermənistanın KTMT-dən ayrılmasını istəmir – Politoloq
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması ilə başlayan gərginlik davam edir. Rəsmi İrəvan təşkilatın ölkənin təhlükəsizliyini təmin etmədiyini bildirir, Moskva isə Ermənistanın üzvlük öhdəliklərinin qüvvədə qaldığını vurğulayır. Noyabrın 11-də keçiriləcək sammitdə İrəvanın səsvermə hüququ ilə bağlı məsələnin müzakirəsi də gündəmə gələ bilər.
Bəs Ermənistanın KTMT ilə münasibətlərinin gələcəyi necə olacaq?
Mövzu barədə politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistanın KTMT-dən tamamilə ayrılacağını indidən söyləmək tezdir.
Onun sözlərinə görə, hazırda Moskva Ermənistanın təşkilatdakı fəaliyyətini bərpa etməsinə çalışır, İrəvan isə ciddi iqtisadi və siyasi itkilərlə üzləşmədən bu qurumdan uzaqlaşmağa cəhd göstərir:
“Tərəflər arasındakı əsas ziddiyyət Ermənistanın hansı geosiyasi istiqamətə üstünlük verəcəyi ilə bağlıdır. Avropa İttifaqı Ermənistanın Rusiyadan asılılığını azaltmaqda maraqlıdır və rəsmi İrəvanın Qərblə yaxınlaşması bu prosesin mühüm hissəsidir.
Əsas mübahisə və mübarizə məhz Ermənistanın hansı siyasi mərkəzin təsiri altında fəaliyyət göstərəcəyi ətrafında davam edir”.
Ekspert qeyd edib ki, Ermənistanın gələcək seçiminə təsir edəcək əsas amillərdən biri də Rusiya ilə Avropa İttifaqının təklif edə biləcəyi iqtisadi və təhlükəsizlik imkanlarının müqayisəsidir. Onun fikrincə, İrəvan üçün hansı tərəfin daha cəlbedici resurslar təqdim etməsi mühüm əhəmiyyət daşıyacaq.

“Avropa İttifaqı Ermənistana maliyyə-iqtisadi dəstək göstərə bilsə də, Rusiyanın təqdim etdiyi təhlükəsizlik imkanlarını eyni səviyyədə əvəz etmək məsələsi açıq qalır. Ermənistanın Rusiya ilə əlaqələri yalnız KTMT çərçivəsi ilə məhdudlaşmır. Ölkə eyni zamanda Avrasiya İqtisadi İttifaqının üzvüdür və bu əməkdaşlıq onun ticarət əlaqələri baxımından əhəmiyyətli yer tutur”, - ekspert bildirib.
Politoloq söyləyib ki, Ermənistanın KTMT ilə yanaşı, Avrasiya İqtisadi İttifaqından da ayrılması iqtisadiyyata ciddi zərbə vura bilər. Bu səbəbdən rəsmi İrəvanın qərar verərkən təkcə siyasi maraqları deyil, mümkün iqtisadi nəticələri də nəzərə alması vacibdir:
“Ermənistanın KTMT ilə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi Rusiyanın mümkün təzyiq addımları ilə yanaşı, Qərbin İrəvana təqdim edəcəyi alternativ imkanlardan da asılı olacaq. Bu mərhələdə Ermənistanın gələcək mövqeyi hələ də qeyri-müəyyəndir və prosesin nəticəsi siyasi seçimlərlə yanaşı, iqtisadi və təhlükəsizlik amillərinin necə uzlaşacağından asılı olacaq”.
İradə Elsevər






