Səkkiz il əvvəl çəkilən foto ətrafında qoparılan hay-küy: İçərişəhərdə nə baş verir?

Səkkiz il əvvəl çəkilən foto ətrafında qoparılan hay-küy: İçərişəhərdə nə baş verir?
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində 2011-ci ildə görülən bərpa işlərinə dair fotoları yayaraq bunu cəmiyyətə söküntü işlərinin aparılması kimi təqdim etmək düzgün deyil. Bu, cəmiyyətin hissləri ilə oynayıb insanları çaşdırmaq və bir istiqamətə yönləndirmək məqsədi daşıyır. Çünki Azərbaycan xalqı mədəni irsinə və tarixi miraslarına bağlıdır. O miraslara toxunulan zaman insanların hissləri ilə oynanılır. Bununla bağlı yalan informasiya isə təxribata çevrilir”.

Bunu "Report”a açıqlamasında memar Zöhrab Rəhimov deyib.

O bildirib ki, hazırda "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində guya söküntü işlərinin aparılması haqqında deyilənlər həqiqət deyil: "Təəssüflər olsun ki, 8 il öncə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan restavrasiya işləri zamanı çəkilən fotoşəkilləri yeni bir hadisənin baş verməsi adı ilə yayıblar”.

Z.Rəhimov 8 il əvvəl qala divarları üzərində aparılan bərpa işlərinin səbəblərini də açıqlayıb: "2011-ci ildə qoruqda bərpa işlərləri aparılıb. Bu, mənim də yadımdadır. Bununla bağlı hətta videoçəkiliş də var. Sovet dövründə qala divarları üzərində olan bürc rus memarı tərəfindən ləğv edilib. Buna görə də həmin bürcün bərpası zəruri idi”.

Qeyd edək ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) də məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, aprelin 24-də paylaşılan fotogörüntülər həqiqətlə tamamilə ziddiyyət təşkil edilən qərəzli addımların bir nümunəsidir: "İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Məsələnin kökündə isə əslində Sovet erası zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnib”.


2011-ci ildə aparılan bərpa işləri zamanı çəkilən foto

Bildirilib ki, "İçərişəhər” DTMQİ fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq, 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görüb: "Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilmiş, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

OXŞAR XƏBƏRLƏR