Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib - FOTO

17:44

Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müşavirədə çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı

- Hörmətli müşavirə iştirakçıları.

Sizin hər birinizi salamlayıram. Bugünkü görüşümüz qaçqınların və məcburi köçkünlərin probleminin həllinə həsr olunub.

Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olmuşdur. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənmişdir. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir.

Bildiyiniz kimi, bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınmış, 250 min köçkün yeni mənzillə təmin olunmuşdur. Salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunmuşdur.

Soydaşlarımızın işlə təmin olunması istiqamətində də lazımi addımlar atılmışdır. Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunmuşdur. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşdür. Dövlət Proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılmışdır. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar.

Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır.

Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir. İndi sizin diqqətinizə bu sahədə görülən işlər barədə qısa bir təqdimat çatdırırıq.

x x x

Müşavirədə indiyə qədər qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə qısa təqdimat oldu. Təqdimatdan da göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan iqtisadiyyatına 800 milyard dollardan çox ziyan dəyib. Ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində münaqişə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.

Sonra Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış etdilər.

Müşavirəyə yekun vuran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu məsələnin qısa zamanda həlli üçün birgə çalışmağın əhəmiyyətindən danışdı. Mehriban Əliyeva uşaq bağçalarının tikintisi və yenidənqurulması ilə bağlı böyük işlərin görüldüyünü deyərək bəzi hallarda bu bağçaların tam gücü ilə fəaliyyət göstərmədiyini diqqətə çatdırdı. Vurğuladı ki, məsələnin tezliklə həlli üçün Maliyyə Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalıdır. "Bu gün qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Ən qəzalı, ən ağır vəziyyətdə yaşayan ailələr tezliklə yeni binalara köçürülməlidir", - deyən Mehriban Əliyeva bu istiqamətdə müvafiq dövlət orqanları arasında əlaqələndirilmənin aparılması ilə bağlı tapşırıqlarını verdi. Azərbaycanın Birinci vitse-prezidenti qaçqınların və məcburi köçkünlərin işlə təmin olunması istiqamətində rayon icra hakimiyyətlərinə təkliflər hazırlamağı tapşırdı. Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağına, ərazi bütövlüyümüzün bərpa olunacağına, bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına əminliyini ifadə etdi.

---------

15:36

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.


OXŞAR XƏBƏRLƏR