Avtoqəzada SDU-nun tələbələri dünyasını dəyişdi - VİDEO-YENİLƏNİB
Cəmiyyət
10:50 / 09.03.2017
3816
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin adları məlum olub.
Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli "Report"a açıqlamasında bildirib ki, hadisə nəticəsində universitetin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim ölüb.
Qəza nəticəsində xəsarət alan və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1999-cu il təvəllüdlü Canıyev Rəşad xəstəxanada dünyasını dəyişib. Mərkəzdən bildirilib ki, o, qəza nəticəsində ağır kəllə-beyin travması alıb.
Bundan başqa, mərkəzə gətirilən digər 3 nəfərdən biri ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər iki nəfər əməliyyat olunub.
***10:11
İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.
Yolda avtomobillərin sıxlığı yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.
İdarədən qəza nəticəsində xəsarət alanların və dünyasını dəyişənlərin olduğu bildirilib.