"BakuBus"dan kartlardan pul silinməsi ittihamlarına cavab - VİDEO
Bakı Nəqliyyat Agentliyi "BakuBus”un sərnişinlərdən fırıldaqçılıqla pul oğurlaması ittihamlarına cavab verib.
Agentliyin mətbuat xidmətindən Qaynar.Az-a verilən məlumata görə, 02.03.2017-ci il tarixində bir sıra kütləvi infomasiya vasitələrində axar.az saytına istinadən ""BakuBus” sərnişinlərdən əlavə pul oğurlayır – Fırıldaq” başlıqlı məqalə dərc edilib. BNA məsələ ilə bağlı ətraflı araşdırma aparıb: "Məqaləni dərc edən axar.az informasiya portalının baş redaktoru Anar Niftəliyevlə əlaqə saxlanılıb. Baş redaktorun sözlərinə görə seriya nömrəsi 0100751142 olan ödəmə kartı ona məxsusdur və o, 02.03.2017 tarixində səhər saat 10:30 radələrində 3 nömrəli marşrut üzrə hərəkət edən avtobusa minərkən kart vasitəsi ilə ödəniş etsə də avtobusun sürücüsü Rəşad Nuriyev ondan təkrar ödəniş etməsini tələb edib.
Aparılan kompleks araşdırma nəticəsində seriya nömrəsi 0100751142 olan kart sahibi sərnişin 02.03.2017 tarixində 3 dəfə hər birində 20 qəpik olmaqla, ümumilikdə 0.60 azn ödəniş edilməsi müəyyən edilib. Buna qədər isə kartın balansında 3.20 azn məbləğində vəsait olub. Sərnişin ilk ödənişini saat 09:49:15-də Dövlət Sərhəd Xidməti Akademiyası yaxınlığındakı dayanacaqda 21 nömrəli marşrut avtobusuna minərkən edib. Saat 09:56:35-də sərnişin həmin kartla metronun "Əhmədli” stansiyasında ödənişini edib. Metrodan çıxdıqdan sonra 10:28:07-də metronun "Gənclik” stansiyası yaxınlığndakı dayanacaqda 3 nömrəli marşrut avtobusuna minib. Bu zaman kartı oxunma qurğusuna yaxınlaşdırsa da ilk cəhddən ödəniş baş tutmayıb və kartı növbəti dəfə qurğuya yaxınlaşdırıb ödəniş edib.
Bütün bu proses avtobusun salonundakı müşahidə kamerası vasitəsi ilə də qeydə alınıb. Həmin görüntülərdən də aydın görünür ki, sərnişin kartı ilk yaxınlaşdırdıqda balansdan heç bir məbləğ silinmir. İkinci dəfə yaxınlaşdırdıqda isə balansdan 0.20 azn silinir və bu barədə məlumatda təqdim etdiyimiz videoda açıq görünür.
Ümumiyyətlə, 02.03.2017-ci il saat 15:05:53-ə olan məlumata görə kartın balansında 2.60 azn vəsait qalıb”
Bakı Nəqliyyat Agentliyi bir daha bütün media qurumlarından paytaxtın nəqliyyat sistemi, o cümlədən ictimai nəqliyyatla bağlı hər hansı bir yazı hazırlayarkən və ya müəyyən şikayətlərlə bağlı araşdırma apararkən qurumun mətbuat xidməti ilə əlaqə saxlamalarını xahiş edib: "Bu kimi dəqiqləşdirilməmiş informasiyaların yayılması yalnış ictimai rəy formalaşdırmaqla yanaşı onlarla yüksək ixtisaslı peşəkar əməkdaşın çalışdığı dövlət quruma qarşı hörmətsizlikdir. Bu onların sərnişinlərimizin rahatlığının təmin edilməsinə yönəlik fəaliyyətinə kölgə salır”.