Keçmiş arvadının üzünə "kislota" tökdürdü
Cəmiyyət
16:37 / 21.02.2017
1123
"Mənim deyilsə, heç kimin olmayacaq”Qadının kor olması ilə nəticələnən hadisənin baş vermə səbəbi isə Nuranənin keçmiş ərinin barışıq tələbinə rədd cavabı verməsi olub
Bakı Ağır Cinayətlər Məhkəməsində iki uşaq anasının üzünə "kislota” atmaqda təqsirləndirilən Vüqar Kərimov və cinayətin sifarişçisi olan qadının əri Tural Hüseynovun məhkəməsi davam edib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nuranə Hüseynova da iştirak edib.
O bildirib ki, bir gözü tamamilə kor olub. Hadisənin baş vermə səbəbi isə Nuranənin keçmiş ərinin barışıq tələbinə rədd cavabı verməsi olub: "Dedi ki, onunla barışmalıyam. Biz rəsmi boşanmışıq. Məhkəmə müddətini də bilərəkdən uzadırdı. Mən də dedim, barışmayacam. Son bir il ərzində məni həmişə hədələyib, təhdid edib".
N.Hüseynova ona ağır xəsarət yetirən Vüqar Kərimovu tanımadığını deyib: "Üzümə "kislota” tökən şəxsi tanımıram. Tural zəng edib dedi ki, məhəllədəki mağazadan pulu götürüm. Alimenti mağazaya verirdi. Dedim, artıq mağaza bağlıdır. Dedi, mağazanın sahibi səni maşında gözləyir. Elə çatan kimi bu hadisə baş verdi. Heç nə görə bilmədim".
Keçmiş ərindən və üzünə "kislota" atan şəxsdən şikayətçi olduğunu deyən N.Hüseynova tələbini də açıqlayıb: "Mənim üzümü əvvəlki vəziyyətinə qaytarsınlar. Əməliyyat, müalicə xərclərimi qarşılasınlar. Vüqarın anasıgil bir neçə dəfə maddi kömək göstərib. Amma hər iki şəxsin ağır cəza almasını istəyirəm".
Məhkəmə zalında olan Tural Hüseynovun yaxınları deyiblər ki, onlar da Nuranənin əməliyyatına və müalicəsinə maddi kömək ediblər.
Növbəti məhkəmə prosesi fevralın 28-nə təyin edilib.