İspaniya Kataloniyanı bağışladı - Səs-küylü qanun layihəsi qəbul edildi

İspaniya parlamenti Kataloniyada separatçı siyasətçilərə və qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərlərinə amnistiya verilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyada 2014 və 2017-ci illərdə qeyri-qanuni müstəqillik referendumları keçirildiyindən Kataloniya muxtar birliyinin rəhbər şəxsləri haqqında cinayət işi açılıb. Katolon siyasətçilər ölkədə bölünmə, qanunun aliliyi prinsiplərini pozmaqda ittiham olunublar.
Dağıdıcı fəaliyyətə baxmayaraq, İspaniya dövləti ölkədə milli barışı təmin etmək məqsədilə “Kataloniyada İnstitusional, Siyasi və Sosial Normallaşma üçün Amnistiya Qanunu” adlı qanun layihəsini hazırlayıb parlamentə təklif edib. Parlamentdə qanun layihəsi ilə bağlı 5 ay sərt müzakirələr keçirilib və sonda deputatlar qanun layihəsini qəbul ediblər.
Məlumat üçün bildirək ki, Kataloniya İspaniyanın şimal şərq hissəsində yerləşən muxtar birlikdir. Bu region Aralıq dənizi ilə əhatə olunub. Muxtar birliyin paytaxtı Barselona şəhəridir. Kataloniyanın 32,11 min kvadrat kilometr ərazisi və 8 milyondan çox əhalisi var. Katoloniyada illik məhsul istehsalı 275 milyard dollar olmaqla İspaniyanın ən inkişaf etmiş ərazilərindən biridir.
Vasif