Şəhid Muxtar Qasımlının DOĞUM GÜNÜDÜR

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan, Baş leytenant Muxtar Əli oğlu Qasımlının doğum günüdür.
Sfera.az bildirir ki, Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə 318 nömrəli tam orta məktəbə daxil olub, 2009-cu ildə məktəbi bitirib. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili alıb.
Onun erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb. Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılıb.
2014-cü ildə ordu sıralarından ehtiyata buraxılıb.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı qaynar döyüşlərin getdiyi Füzuli rayonunun kəndlərinin və strateji yüksəklilərinin azad edilməsi uğrunda vuruşub.
Hücum əməliyyatında yaralanmasına baxmayaraq, döyüşə davam edib, lakin oktyabrın 2-də qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, Muxtar Qasımlı “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Türkan