"Bu şəxslər 1000 manatdan 2000 manata qədər cərimə olunacaq" - Hüquqşünasdan AÇIQLAMA

Sosial şəbəkələrdə insanlar haqqında yalanların yayılması, utancverici şəkillərin yerləşdirilməsi, zərərli mesajlar və ya təhdidlər göndərmək, kimisə təqlid etmək və onların adından başqalarına pis mesajlar göndərmək kiber zorakılıq hesab edilir.
Bəs kiber zorakılığa qarşı hansı cəza tədbirləri görülə bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu hallar insanların konstitusion hüquqlarının pozulması deməkdir.
“Azərbaycan Respublikasında olan hər kəsin şəxsi toxunulmazlıq hüququ konstitusiya ilə qorunur. Toxunulmazlıq hüququ dedikdə, şəxsin ailə sirrinin qorunub saxlanılması, şəxsi və ailə həyatına müdaxilə etməmək, şəxsin icazəsi olmadan onun barədə informasiyaların toplanmaması və paylaşılmaması nəzərdə tutulur. Şəxsi həyatın toxunulmazlığı pozularsa, bu, cinayət məsuliyyəti hesab edilir. İnsanların ailə sirləri, onlar barədə olan informasiyalar və fotoşəkillər icazə olmadan paylaşılarsa 1000 manatdan 2000 manata qədər cərimə tətbiq olunur. Eyni zamanda, toxunulmazlıq hüququnu pozan şəxslər bir ilə qədər islah işləri ilə cəzalandırılır".
Hüquqşünas qeyd edib ki, başqa şəxslərin adından istifadə edərək kimlərəsə təhqir mesajları yazanlara isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə cinayət işi açılır.
“Sosial media hesablarında insanların şəxsiyyətini alçaldan, təhqiramiz ifadələr işlədən şəxslər 6 aya qədər azadlıqdan məhrum edilə bilərlər. Saxta profillərdə başqalarının şəkillərini paylaşan insanlar isə 1000 manatdan 2000 manata qədər cərimə olunurlar”.
Ülkər Abdurahmanlı