Mobil operatorların qiymətləri qaldırması qanunidir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ölkədə mobil operator şirkətləri - "Azercell", "Bakcell", "Nar" tarif planlarını dəyişdirir, qiymətləri artırır.
Bəs "Azercell" dövlət şirkətinin tarifləri qaldırması qanunauyğundurmu?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, əsassız qiymətlərin artırılması düzgün deyil:
"Mobil bazarda hökmran mövqe tutan bu dövlət şirkətinin heç bir əsaslandırma olmadan danışıq və data qiymətlərini, SMS qiymətini qaldırması, tarif şərtlərini dəyişməsi çox təəccüblüdür və qanuniliyi ağlabatan deyil".
Mütəxəssisin fikrincə, ən qısa zamanda sektorun tənzimləyici qurumu olan İKTA və Antiinhisar Dövlət Xidməti bu məsələni araşdırıb, dövlət şirkətinin bu addımının qanuna uyğun olub-olmadığına rəy verməlidir:
"Mobil bazardakı rəqabətli mühit araşdırılmalıdır. Görəsən, bu dövlət şirkəti üçün hansı əsaslar yaranıb ki, xərcləri artıb. Həqiqətənmi bu xərclər artıb? Ümumiyyətlə, Azercell dövlətləşəndən sonra qoyulan investisiya və şəbəkə xərclərinin, qiymət artımının dinamikasını analiz etmək də faydalı olardı".
Ekspert vurğulayıb ki, dəyişikliklər dayandırılmalıdır:
"Adı çəkilən dövlət qurumlarının müvafiq rəylərinədək yeni qiymət artımları və tarif planlarındakı dəyişiklik dayandırılmalıdır. Bu dövlət operatorunun yenidən özəlləşdirilməyə hazırlanması, mövcud xidmətlərinin keyfiyyətinə diqqət yetirməsi, yeni texnologiyalar və xidmətlər üzərində düşünməsi daha məntiqli olardı".
O.Gündüz qeyd edib ki, qonşu və region ölkələri ilə müqayisədə bizdəki tariflər heç də əlçatan və aşağı deyil:
"Qazaxıstan, Ermənistan , Gürcüstan mobil operatorları bizim operatorlardan fərqli olaraq daha böyük investisiyalar yatırırlar, yəni 5G şəbəkəsi üçün ötən illərdən lisenziya alıblar və yeni şəbəkələr qururlar. Yəni onlarda yeni şəbəkələr və yeni böyük investisiyalar var. Amma qiymət artımı müşahidə olunmur.Ümid edirəm, tənzimləyici qurumlarımız baş verənlərin ağlabatan bir izahatını verəcəklər".
Firuzə Əliyeva