Qardaşı bank soyan YAP sədri haqda yeni müdhiş faktlar
Cəmiyyət
12:38 / 18.11.2016
1467
Bu günlərdə "Kapital Bank”ın Beyləqan filialını soyan şəxsin qardaşı, YAP-ın rayon sədri haqda yeni məlumatlar əldə etmişik
Məlum olub ki, bank filialının məsul vəzifəsində işləyən Elbrus Pəsiyevin qardaşı Rafael Pəsiyev rayonda müxtəlif qarşıdurmalara səbəb olub.
Əvvəla qeyd edək ki, bankir külli miqdarda vəsait mənimsəyib. Məlumatda deyilir ki, E.Pəsiyev noyabrın 11-də bankomatlara yükləmək üçün qeyd olunan bankdan təxminən 2000 000 (iki milyon) manata yaxın pulu götürüb. O, bankomatlara yükləyərkən həmin puldan 159 600 manat pulu gizlədərək mənimsəyib.
E.Pəsiyev Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bank işçilərinin dediyinə görə, E.Pəsiyev polis şöbəsinin əməkdaşlarına verdiyi ilkin ifadəsində bankomatlara yükləyəcəyi pullardan kəm çıxan 159 600 manatdan 109 600 manatın mənimsədiyini etiraf edib və yerdə qalan 50 000 manatdan xəbəri olmadığını bildirib.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları yoxa çıxmış 50 000 manat pulu tapmaq üçün adıçəkilən bankın bütün işçilərini sorğuya alıb. Qeyd edək ki, E.Pəsiyev Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədri Rafael Pəsiyevin qardaşıdir.
Bir müddət əvvəl YAP sədri Rafael Pəsiyev çıxış edərkən siyasi səhv buraxıb.
O, YAP sədri ilə bərabər, vaxtilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin müdiri vəzifəsini daşıyır. R.Pəsiyev Beyləqan polisi tərəfindən Ulu Öndər Heydər Əliyevin anım gününə ilə bağlı təşkil etdiyi toplantısında çıxış edərkən siyasi səhv edib.
YAP sədri iştirak etdiyi tədbirin Ulu Öndərin anım günü ilə bağlı təşkil edildiyinin fərqində olmadığından polis işçilərinin peşə bayramı təbrik edib. YAP sədrinin Rafael Pəsiyevin bu çıxışı tədbir iştirakçılarının gülüşünə səbəb olub.
Bundan başqa, bir müddət əvvəl onun ucbatından Beyləqanda aksiya keçirilib. Qədim tarixi keçmişə malik məscidin "yuxarı"dan verilən göstərişlə sökülməsi cəhdi əhalini, xüsusən də dindarları ayağa qaldırıb.
Aksiya keçirən əhali məscidin sökülməməsini tələb edib. Məscidin sökülməsinə səbəb isə ibadət evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin həyətinə çıxış yolunun olmamasıdır.
Beyləqan Rayon Torpaq Şöbəsinin müdiri Rafael Pəsiyev rayonun Qəhrəman adlı sakininə torpaq satıb. Məscidin arxasında yerləşən həmin torpağın həyətinə isə çıxış yolu çəkilməyib.
Belə ki, öz həyətinə yol çəkmək istəyən Qəhrəman kişi torpaq şöbəsinin müdirindən həyətə çıxış yolu üçün əlavə torpaq verməsini tələb edib.
Rafael Pəsiyev də bunun üçün məscidin sökülməsinə göstəriş verib. Çünki onun həyətinə yol yalnız məscidin həyətindən keçir. Məscidin heç bir məhkəmə qərarı olmadan sökülməsi isə dindarları daha da qəzəbləndirib. (politika.az)