Milyonlarla insanın vəhşicəsinə öldürüldüyü əsir düşərgəsində bir homoseksual uşaqları necə qoruyub?
İkinci Dünya Müharibəsi zamanı qurulan ən böyük konsentrasiya, məcburi əmək və sistemli qırğın və dağıdıcı düşərgə olan Auschwitz (Auşvits) haqqında çoxlu faktlar oxumuşuq, lakin hekayələri bizə olduğu kimi danışılmamış bəziləri var: Homoseksuallar...
Sfera.az sizə milyonlarla insanın vəhşicəsinə öldürüldüyü Auşvits əsir düşərgəsində bir homoseksualın uşaqları necə qoruduğu və bəzi heç vaxt danışılmayan insan hekayələrini təqdim edir.
Nasist konsentrasiya düşərgələrinə göndərilən homoseksual kişilərin 80%-i orada ölüb - bəziləri dəhşət içində sevgi tapdı, bəziləri isə hər şeydən əvvəl başqalarının həyatını xilas etdi.
Auşvitsin danışılmamış hekayələrini xatırlamaq yerinə düşər.
Adolf Hitler min illik imperiya planlamışdı. Onun hakimiyyəti cəmi 12 il davam etsə də, bu qısa müddət ərzində digər insanlarla yanaşı, 100 min homoseksual həbs olunub. Onların yarısı həbsxanaya, 15 minə yaxını isə əsir düşərgələrinə aparılıb. 1945-ci ilə qədər 40 mindən çox düşərgə açılıb və bu düşərgələrin hər hansı birinə homoseksuallar göndərilib.
Nisbətən az sayda olan homoseksuallar bu düşərgələrin ən bədnamına göndərildi: Auşvits.
Auşvitsə göndərildiyi bilinən 97 homoseksual kişidən 96-sı alman olub. Tədqiqatçılar onlardan 64-nün taleyini açmağa müvəffəq olub: onlardan 51-i düşərgədə həlak olub. Bu 80% nisbəti yəhudi sürgünləri istisna olmaqla, hər hansı digər "arzuolunmaz" kateqoriyadan yüksək idi.
1942-ci il yanvarın 20-də əsas düşərgədə 22 homoseksual kişi, həmin ilin avqustunda isə bütün Osvensim kompleksində 28 homoseksual var idi.
Amma bəzi homoseksuallar da yəhudi idilər və onların taleyi çox vaxt düşərgəyə girərkən yəhudilərin taxdıqları sarı Davud ulduza görə yox, homoseksualların paltarlarına tikməyə məcbur olduqları məşhur çəhrayı üçbucağı taxdıqlarına görə müəyyən edilirdi.
Fredi Hirsch idmançı və bədən tərbiyəsi müəllimi idi. O, yəhudi homoseksual idi. 1916-cı ildə Almaniyanın Axen şəhərində anadan olub. Nasistlərin təqibindən xilas olmaq üçün Çexoslovakiyaya köçüb. 1936-1939-cu illərdə tibb tələbəsi olan sevgilisi Yan Mautnerlə birlikdə yaşayırdı.
Fredi gənclər düşərgələri təşkil edir və Fələstinə köçmək ümidi ilə yaşayan gənc yəhudilərə kömək etmək üçün yollar tapırdı. 1939-cu ildə nasistlər Çexoslovakiyanı işğal edib ictimai yerləri yəhudilərə qadağan edəndə Fredi gənclərin hələ də idman edə biləcəyi bir oyun meydançası tapdı və onlardan 18-i müharibədə neytral olan Danimarkaya qaçmağı bacardı.
1941-ci ilin sonunda Fredi almanların "nümunə getto" adlandırdıqları Teresyenştadt düşərgəsinə göndərilir. Onun sevgilisi Yan da bir neçə ay sonra bura deportasiya edilib. Fredi düşərgəyə gələn kimi bir qrup uşağa qayğı göstərib, onların müntəzəm idman etmələrini və ən əsası düşərgənin bərbad şəraitində belə təmiz qalmalarını təmin etdi - hətta gigiyena yarışları da təşkil etdi.
Düşərgədə böyüklər kimi bütün uşaqlar da işləməli idilər və Fredi uşaqların nisbətən “asan” işlərdə, məsələn, tərəvəz sahəsində işləmələrini təmin etməyə çalışırdı. Fredi, əlbəttə ki, almanca danışırdı, bu, yəhudi və açıq homoseksual olmasına baxmayaraq, ona mühafizəçilərlə münasibət qurmağa kömək edib. Bu həm də zamanı gəldikdə, onun Teresyenştadtdan ölüm düşərgələrinə köçürülməsi üçün adının siyahıdan çıxarılmasına səbəb oldu.
Lakin o, şansını özündən uzaqlaşdırdı və 1943-cü ilin sentyabrında Teresyenştadta yeni gələn bir qrup gənclə ünsiyyət qurmağa çalışdıqdan sonra Osventsimə köçürüldü. Bu zaman onun yanında 5 min insan olub və onlardan 300-də 15-i və daha kiçik yaşlı idi.
Fredi özünü Birkenauda "ailə düşərgəsində" tapdı. Uşaqlar birbaşa ölümə göndərilmədi və Fredi birtəhər, hər cür vəchlə bu uşaqlara dayə olmağı bacardı. O, uşaqların dərs almalarına, onlar üçün fəaliyyətlər təşkil etmələrinə, daha yaxşı yemək almalarına və daha isti kameralarda qalmalarına şərait yaradıb. O, hətta mühafizəçiləri uşaqları şaxtalı soyuqda saatlarla ayaqda saxlamaq əvəzinə içəridə gündəlik işlərə kömək etməyə razı salıb. Fredi bəzən işgəncələrdən qorumaya bilirdi. Bir dəfə uşaqlardan biri günlük yoxlama zamanı yuxuya gedəndə, vəhşicəsinə döyülüb.
1943-cü ilin dekabrında daha 700 uşağın Birkenauya köçürüldü. Jan bu transferlə Birkenauya gəlsə də, onun Fredini yenidən görməsi mümkün olmayıb. Fredi bu dəfə də rəhbərliyi 3-8 yaş arası kiçik uşaqlar üçün ikinci palata ayırmağa razı salır. Bu yolla onlar SS üçün “Snow White” şousu təşkil edə bilərdilər.
Ailə düşərgəsində ilk 6 aydan sonra ölüm nisbəti təxminən 25% təşkil edirdisə, Fredinin himayəsində olan palatalarda ölüm halları demək olar ki, yox idi.
Tezliklə Fredi düşərgədə müqavimət hərəkatına qoşuldu və tezliklə qaz kamerasına böyük bir uşaq qrupunun göndəriləcəyini öyrənib. Daha sonra nə baş verdiyi bilinmir, lakin Fredinin işə yarayacaq bir adam olaraq, yəqin ki, öldürülməyəcəyini bilsə də, qaz kamerasına göndərilən uşaqları tərk etməkdən imtina etdiyi güman edilir. Bəzi tədqiqatçılar Fredinin həddindən artıq dozada narkotik qəbul etdiyini, bəziləri isə yəhudi həkimlərin onun öz həyatlarını təhlükəyə atacaq iğtişaş törətməsinin qarşısını almaq üçün ona həddindən artıq dozada narkotik verdiyini düşünürlər. Dəqiq olan isə odur ki, 1944-cü il martın 8-nə keçən gecə uşaqların hamısı öldürülüb, cəsədləri yandırılıb. Fredinin cəsədi də həmin gün kremasiya edilib. Onun cəmi 28 yaşı var idi…
Teresyenştadtdakı ailə düşərgəsindən sağ çıxanlardan biri Fredi haqqında: "Ondan daha fədakar və uşaqlara sadiq heç kim yox idi" deyirdi.
O, homoseksual olduğu üçün Çexoslovakiyadakı kommunistlər və müharibədən sonra sağ qalan bəzi şəxslər tərəfindən tarixdən silinsə də, doğma şəhəri Axen şəhərinin meri 2016-cı ildə Fredini:
“Şəhərimizin ən önəmli oğullarından biri, hətta ən tanınmışdır”- deyərək yad edib.
Auşvitsdə uşaq palatasında müəllim köməkçisi işləyən çex musiqiçisi Zuzana Ruzickova deyir ki, Fredi onun da həyatını xilas edib. Fredi Zuzanaya "16 yaşım var" deyərək yaşı barədə yalan danışmasını tapşırıb, çünki kiçik uşaqları tez-tez birbaşa qaz kamerasına göndərilirdi.
llər sonra Zuzana Fredinin xatirəsinə abidə ucaltmağa kömək edir. O, abidənin açılışında:
“Ümid edirik ki, onu tanıyan sonuncu insanımız dünyasını dəyişəndə gələcək nəsillər bu abidənin önündə dayanıb deyəcəklər: O, yəqin ki, yaxşı, cəsur və gözəl insan olub” - deyib.
Fredinin sevgilisi Yan, Osventsimdən sağ çıxsa da, sonra ən azı daha bir düşərgəyə göndərilib və yenidən Teresyenştadta geri göndərilib. Müharibədən sonra o, həkim olub, özünə yeni sevgili tapır. Lakin Yan da uzun müddət yaşamayıb: düşərgələrdə vərəmə yoluxmuşdu və 1951-ci ildə Praqada vəfat etdi.
Kitti Fişer 1944-cü ildə yəhudi olduğu üçün Auşvitsə göndəriləndə 17 yaşında olub.
Düşərgəyə girəndə saçları qırxılmışdı. Qorxu və çaşqınlıq içində olarkən Kitti Münhendən olan bir portret rəssamı ilə tanış olur. “Fırçasını daha yaxşı istifadə etmək üçün” ona həftədə 7 gün, gündə 10 saat tualeti təmizləməyə məcbur etdilər.
Rəssamın çəhrayı üçbucağını görən Kitti ondan bunun nə demək olduğunu soruşub. Rəssam “Ich bin schwul” (mən geyəm) dedikdə Kitti bu sözün başa düşməyib. Rəssam “İç bin homoseksual” dedikdə, Kitti bu sözün də nə demək olduğunu bilməyib və: "Bu hansısa bir dindirmi?" soruşub. Kitinin bu sualı 1940-cı ildə partnyoru ilə birlikdə düşərgəyə göndərilən gənc rəssamı çox güldürüb.
Bir müddət sonra rəssam Kittiyə və bacısına iki qaynar kartof gətirib və hər gün Kittiyə gizli yemək aparmağa davam edib.
“O, mənə sağ qalmağa kömək etdi "- deyə Kitti xatirələrində rəssam haqqında bildirir.
Rəssam bir ay sonra Kittinin yanına gələrək, ona başqa düşərgəyə göndərildiyini deyib. Kittini xəbərdar edib ki, ertəsi gün düşərgədə seçki keçiriləcək və böyük bir qrup qaz kamerasına göndəriləcək. Gənc ona düşərgədən kənarda tekstil işçiləri axtaran fabrik olduğunu və toxuculuğu bildiyini onlara deməli olduğunu tapşırır. Təbii ki, Kitti toxumağı bilmirdi.
Kitti bu anı belə təsvir edir: “Mən çox gənc idim. Mənə nə olacağını bilirdi, mən bilmirdim." Lakin o, rəssamın dediyini edir və sağ qalır. 1945-ci ilin mayında fabrikdə olarkən xilas edilir. Daha sonra Avstraliyada məskunlaşıb və bir neçə mağaza işlədib. O, Sidneyin Kings Cross məhəlləsinə köçəndə HİV/AİDS-in homoseksual icmasına necə pis təsir etdiyinin şahidi olur. Kitti ömrünün qalan hissəsini HİV-lə yaşayanlara emosional dəstək verməklə keçirdib, 2001-ci ildə vəfat edib.
Onun xilaskarı olan rəssam haqqında isə heç nə məlum deyil.
Karl Qorat Auşvitsə gələndə 26 yaşında idi. O, qısqanc keçmiş sevgilisi tərəfindən xəbər verilmiş və Nasist Cinayət Məcəlləsinin homoseksual davranışı, o cümlədən öpüşmək və qucaqlaşmağı qadağan edən 175-ci bəndinə əsasən həbs edilmişdi.
175-ci bənd Şərqi Almaniyada 1968-ci ilə qədər qüvvədə qalıb, Qərbi Almaniyada isə 1994-cü ildə Berlin Divarının yıxılmasından sonra ləğv edilib.
Karla qayıdaq; həbs edildikdən sonra Hamburq yaxınlığındakı Neuenqamme konsentrasiya düşərgəsinə göndərilir. O, tibb qardaşı kimi təhsil almışdı, ona görə də işləmək üçün düşərgə həbsxanasının xəstəxanasına yerləşdirilib. Lakin o, polşalı məhbusların qida rasionunu azaltmaqdan imtina etdikdə, cəza olaraq Auşvitsə köçürülüb. İndi o, siyasi cinayətkar hesab edildiyi üçün çəhrayı yox, qırmızı üçbucaq geyinməli idi və onun məhbus nömrəsi olan 124630 dərisinə döymə vurulmuşdu.
O, düşərgənin azad edilməsinə 9 gün qalmışa qədər Auşvitsin xəstəxanasında işləyib. Lakin həmin gün şaxtalı soyuqda üstü açıq vaqonda o vaxt Yuxarı Avstriyanın Linz yaxınlığındakı Mauthauzen şəhərinə aparılıb. Səyahət 11 gün çəkib.
Müttəfiq Qüvvələr Nasist Almaniyasını mühasirəyə alanda Karl yenidən köçürülüb və nəhayət, 6 may 1945-ci ildə əsirlikdən azad edilib.
O, xatirələrində qeyd edib ki, Tadeuş və Zbiqnev adlı iki gənc polyakla düşərgədə sevgili olublar. Karl həyatında ilk dəfə belə dərin sevgi yaşadığını bu sözlərlə izah edib: “Blok nəzarətçisi kimi mənim öz otağım var idi. Həyatımın ən xoşbəxt günlərini burada Zbiqnevlə keçirmişəm. Burada, düşərgədə, bizi əhatə edən bütün səfalətlərin ortasında nə əvvəl, nə sonra, nə də daha çox var idi: mən həyatımın eşqini Osventsimdə qarşıladım”.
Həm Tadeusz, həm də Zbiqnev Auşvitsdə ölüb.
Karl düşərgədən azad edildikdən sonra onun iztirabları azalmayıb. Homokost kimi tanınan homoseksual soyqırımdan sağ çıxanlar “seks cinayətkarları” siyahısında saxlanılmağa davam edilib və “təkrar cinayətlərə” görə yenidən həbs olunublar. Müharibədən sonra İşğal olunmuş Almaniyada Müttəfiq Hərbi Hökumətin dövründə homoseksual məhbusların bəziləri konsentrasiya düşərgəsində keçirdikləri müddətdən asılı olmayaraq bütün həbs müddətini çəkməyə məcbur oldular.
Karl 1946-cı ilin martında yenidən həbs, mühakimə olunub və 5 il həbs cəzasına məhkum edilib. Amnistiya və kompensasiya ilə bağlı bütün tələblər rədd edilib və o, 1951-ci ilin aprelinə qədər azad edilib. Nasistlər tərəfindən "arzuolunmaz" hesab edilən digər qrupların təzminat tələbləri uğurla qarşılanarkən, Karlın cəhdləri cinayət olduğu və irqi və ya dini mənsubiyyətinə görə təqib edilmədiyi səbəbiylə əngəllənmişdi.
1975-ci ilin may ayında 62 yaşlı Karlın təqaüdü “1939-cu il avqustun 1-dən 8 may 1945-ci il tarixinə qədər olan dövr işin əvəzedici vaxtı hesab edilə bilməz” əsası ilə rədd edilib.
Auşvitsdə olmaq kifayət qədər bundan yaxşı idi…
Bu qərarla bağlı bütün şikayətlər 1980-ci ilin fevralında rədd edilib. Karl 2003-cü ilin martında 90 yaşında vəfat edib.
Manfred Lewin də homoseksual yəhudi idi. Berlində yaşayırdı. 1942-ci ildə valideynləri ilə birlikdə sürgünə məhkum edilib.
Manfredin sevgilisi, 19 yaşlı Qad Beck, Nasist Partiyasının gənclər qanadı olan Hitlerjugend forması tapıb və saxlama mərkəzindəki mühafizəçiləri aldadaraq, Manfredin qul əməyi üçün lazım olduğunu söyləyərək azad edib. Onlar birlikdə qapıdan çıxdılar, lakin Manfred ailəsini geridə qoya bilməyəcəyini başa düşüb, geri qayıdır. Buradan Auşvitsə göndərilir və 22 yaşında burada vəfat edir.
Qad isə müharibədən sağ çıxıb və ölümündən 12 il əvvəl 2000-ci ildə verdiyi müsahibədə "böyük sevgisini" necə itirməsindən danışıb.
Erwin Schmitzek homoseksual bir ticarət işçisi idi. O, 1941-ci il avqustun 22-də Auşvitsə gətirilib. Növbəti ilin yanvarında orada vəfat edəndə, 23 yaşı var idi.
Hermann Bartel dekorator idi. O da homoseksual idi. 1941-ci il dekabrın 6-da Auşvitsə göndərilmiş və 2 mart 1942-ci ildə 41 yaşında orada vəfat etmişdir.
Homoseksual mağaza işçisi Maks Gergia ölməzdən əvvəl son 3 ayını Auşvitzdə keçirib. Onun 37 yaşı var idi. Emil Sliwiok da eyni aqibəti yaşayıb. Onun 28 yaşı var idi.
Ofisiant Avqust Pfayfer 1941-ci il noyabrın 1-də Auşvitsə gətirilib. O, dekabrın sonunda 46 yaşında vəfat edib.
Walter Peters həkim idi. Düşərgəyə gəldikdən beş gün sonra ölüb, 51 yaşı təzəcə tamam olmuşdu.
Willi Pohl öləndə 35 yaşında idi. O, tekstil işçisi homoseksual idi.
Rudolf von Mayer homoseksual hakim idi. O, 30 may 1941-ci ildə Auşvitsə gəlib və 3 ay sonra, 37 yaşına bir neçə gün qalmış ölüb.
Villi Kaker dünyasını dəyişəndə 36 yaşında idi.
Fermer Oskar Birkenin 48 yaşı var idi.
Otto Hertzfeld35; qəssab Johann Majschek 53; bağban Frans Ruffert 39; ofis köməkçisi Richard Schiller41; dərzi Yozef Kloze 47; elektrik Hüqo Prabitzer 40 yaş.
Bunların hamısı homoseksual idi, hamısı Auşvitsə göndərilib, hamısı ölüb.
Təbii ki, real rəqəmlər bu rəqəmlərdən qat-qat çox idi. Düşərgədəki saysız-hesabsız insanların və ya müharibə bitməmiş başqa yerə köçürüldükdən sonra başlarına nə gəldiyi dəqiq məlum deyil. Onlar homoseksual idilər və homoseksual olduqları üçün yox, milyonlarla digər insanlar kimi öldürülüblər.
Nasistlər sadəcə insanları öldürmədilər. Tarixçilərin qeyd etdiyi kimi, bütöv nəslin soyqırım yolu ilə məhv edilməsi tarixdə mütləq qırılma yaratdı. Ola bilsin ki, bu insanlar mühüm işlərə nail olub, mühüm vəzifələrdə cəmiyyətə başqa cür faydalı olacaqdılar.
Nasistlər təkcə fərdləri deyil, gələcəyi də öldürürdülər…
Xanım
Sfera.az