“Zelenski özünü ABŞ-ın 51-ci ştatının senatoru kimi aparır” – Putin danışıqlara hazırdır, o, isə...

“Zelenski özünü ABŞ-ın 51-ci ştatının senatoru kimi aparır” – Putin danışıqlara hazırdır, o, isə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya Prezidenti Vladimir Putin indi əvvəlkinə nisbətən müzakirələrə daha açıqdır. Bu barədə “Haber Global” məlumat verib.

 

Ərdoğan qarşıdakı günlərdə həm rusiyalı, həm də ukraynalı həmkarları ilə telefonla danışacağını bildirib: “Ümidsiz deyilik. Arzumuz hər iki lideri bir araya gətirərək sülh danışıqlarını davam etdirməkdir. Çünki hər iki tərəfin ciddi itkiləri var. İnanıram ki, sülhün məğlubu olmayacaq”.

 

Ərdoğanın açıqlaması barədə fikirlərini Sfera.az-la bölüşən politoloq Cümşüd Nuriyev Putinin ağıllı siyasət yürütdüyünü qeyd edib.

 

Onun sözlərinə görə, Putin çox gözəl bilir ki, hazırda Türkiyənin həm bölgədə, həm də türk-müsəlman dünyasında güclü mövqeyi var:

 

“Putin Ərdoğanı öz yanında görmək istəyir. Bütün müharibələrin sonu sülhlə bitir. Hazırda Rusiya Ukraynadan istədiklərini alıb, ona görə də indiki şəraitdə müəyyən fasiləyə ehtiyac görür, müharibəni dayandırmaq marağındadır. Çünki Ukraynanın 4 əyaləti Rusiyanın nəzarəti altındadır, həmin əyalətləri Rusiya ərazisi kimi öz torpaqlarına birləşdirib. Ukrayna isə ən böyük səhvi o zaman buraxdı ki, 2014-cü ildə Krım işğal ediləndə addımlar atmadı, indi isə gecikib”.

 

C.Nuriyev Rusiyanın ciddi şəkildə zəiflədiyini düşünmür:

 

“Amma müəyyən geriləmələr olacaq. Molla rejimi 43 ildən çox, Şimalı Koreya 40 il, Kuba isə 50 ildir ki, sanksiya altındadır. Yəni artıq sanksiyalar da özünü doğrultmur, əksinə sanksiyalara məruz qalan dövlətlər çıxış yolu axtarırlar, çünki insan çətinə düşəndə həmin vəziyyətdən çıxmaq üçün daha yaxşı və ağıllı düşünür. Hazırda Rusiyada da eyni durum hökm sürür. Təbii ki, Moskva danşıqlar masasına qalib dövlət kimi oturmağa çalışır. Ola bilsin ki, danışıqlar baş tutsun. Zelenski sanki Ukranyanın prezidenti yox, ABŞ-ın 51-ci ştatının senatoru, ya da başçısıdır. Ona görə də Amerika nə zaman razılıq verəcəksə, Zelenski o zaman danışıqlara gedəcək. Tez bir zamanda isə bu danışıqların baş tutacağını gözləmirəm”.

 

Yeganə


OXŞAR XƏBƏRLƏR