Prezidentin xarici siyasəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirir

Prezidentin xarici siyasəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirir

İnteqrasiya prosesi düşünüldüyündən daha genişdir və yer kürəsinin bütün qitələrini, eləcə də bütün ölkələrini əhatə edir. Azərbaycan son 31 ildə dünyada, sözün əsl mənasında, tam müstəqil siyasət yürütmüş, siyasi dəst-xətti, dövlətçilik siması, tərəqqi yolu ilə nüfuz qazanmış, milli inkişaf strategiyasını, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyasını, vahid ideologiyasını uğurla formalaşdırmışdır. 


Təsadüfi deyil ki, öz müstəqilliyinə 1991-ci ildə qovuşan Azərbaycanın ilk məqsədi dünya birliyinin bərabərhüquqlu üzvü olaraq çıxış etmək olub. Ölkəmizin beynəlxaq müstəvidəki rolu qazandığı hörmət və ehtiram artıq ölkəmizin buna nail olduğu deməyə əsas verir.  


Dövlətimizin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi prinsiplərin reallaşdırılması istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq tam gerçəkləşdirilməsini təmin etmişdir.


Qarşıya qoyulan məqsədə çatmaq üçün keçən dövr ərzində çox mühüm addımlar atılıb.  Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası olunmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. 


Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. 


Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Konfransı Təşkilatı (İKT), İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Müstəqil Dövlətlər Birliyi (MDB) kimi beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq münasibətləri qurub. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 20 sentyabr 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verib. Məhz “Əsrin müqaviləsi” və sonrakı illərdə bir-birinin ardınca imzalanan neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib.


Qoşulmama Hərəkatına Azərbaycanın üzv olması da ən doğru qərarlardan hesab olunur. Belə ki, BMT-dən sonra ən çox üzvü olan beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına üzv olmaqla həm bu təşkilata ciddi töhfələr verdi, həm də bu təşkilatın özünün beynəlxalq hüquqa uyğun töhfələr verməsində Azərbaycanın böyük rolu oldu. Biz 44 günlük müharibə dönəmində bunun şahidi olduq.


Xüsusilə qeyd etmək lazımdır ki, ölkə başçısının, cənab Prezident İlham Əliyevin apardığı beynəlxalq siyasətin dünya ölkələri ilə dostluq münasibətlərinin genişləndirilməsinə və inteqrasiyasına hesablandığı da göz önündədir. Məhz bu baxımdan deyə bilərik ki, bu gün dünyanın siyasi və iqtisadi xəritəsində Azərbaycanın vacib aktora çevrildiyi bir reallıqdır. 


Turan Rzayev


Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

 


OXŞAR XƏBƏRLƏR