“Əks halda, ABŞ Ukrayna ilə də vidalaşmalı olacaq” – Zelenski-Bayden görüşü nə vəd edir?

“Əks halda, ABŞ Ukrayna ilə də vidalaşmalı olacaq” – Zelenski-Bayden görüşü nə vəd edir?
"Politoloqlar arasında  Amerika-Ukrayna sammitindən Ukrayna üçün müsbət nəticələr olacağını proqnozlaşdıranlar yetərincədir. Elə bu görüşə pessimist yanaşanlar da”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O deyib ki, bu görüşün Ukrayna üçün taleyüklü olacağını bildirənlər Zelenski hökumətinin Rusiya qarşısında təkbaşına bundan sonra da mübarizə apara biləcəyinin mümkünlüyünə inanır və vəziyyətin köklü şəkildə dəyişdirilməsi üçün ciddi dəstəyə ehtiyac olduğunu vurğulayırlar:

"Ukrayna-Rusiya qarşıdurmasının birincinin üstünlüyü ilə nəticələnməsi üçün ABŞ yardım etməlidir. Əks halda, ABŞ Ukrayna ilə də vidalaşmalı olacaq - Əfqanıstanla vidalaşdığı kimi. Amma bu vidalaşma Amerika üçün Əfqanıstanın vurduğu zərbədən 10 dəfə artıq zərbə vura bilər. Bunu Ağ Evdə başa düşməmiş deyillər. Amerikanın və eləcə də Baydenin bu gün Əfqanıstan uğursuzluğunu ört-basdır edəcək ciddi siyasi addımlar atmağa  ehtiyacı var. Bayden-Zelenski sammiti  Amerika prezidentinin getdikcə uçuruma yuvarlanan reytinqini tarazlaya və əksinə düşmə sürətini artıra bilər”.

Müsahibimiz qeyd edib ki, bəzi politoloqlar Bayden hökumətinin son zamanlar ümidlərin heç birini doğrultmadığını əsas gətirərək Bayden-Zelenski görüşündən müsbət nəticə gözləmirlər:
 
"Pessimistlər Bayden-Putin, Ərdoğan-Bayden görüşünün nəticələrini, daha doğrusu, ciddi nəticə verməməsini arqument kimi ortalığa atırlar. Digər tərəfdən bəzi siyasətçilər Baydenin ABŞ-ın beynəlxalq nüfuzunun artırılmasına xidmət edəcək strateji qərarların qəbul edilməsində qətiyyətsiz olduğunu vurğulayır və Əfqanıstan epopeyasını gündəliyə daşıyırlar.
 
Zelenski çox böyük nümayəndə heyəti ilə görüşə gəlib. Amerika-Ukrayna münasibətlərini əsas sahələrini əhatə edən nazirliklərin nümayəndələri buradadır. Ukrayna prezidenti və birinci xanımının media nümayəndələri üçün  iki rəsmi təqdimatı nəzərdə tutulub.
 
Ukrayna prezidenti tərəfindən verilən bəyanata görə, müzakirə olunacaq məsələlər içində " Şimal axını-2”,  Donbassda münaqişənin nizamlanması, ABŞ-ın hərbi yardımı, iqtisadi və investisiya məsələlərinin olacağı gözlənilir.
 
Ağ Ev nümayəndəsi Cen Psaki isə brifinq zamanı bildirib ki, iki prezident Krımda və Donbassda vəziyyəti , Vaşinqton və Kiyevin enerji təhlükəsizliyi sahəsində  əməkdaşlığını, reformaları və korrupsiyaya qarşı mübarizəni müzakirə edəcəklər”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR