Bu gün rezidenturaya və hərbi liseylərə qəbul imtahanları keçiriləcək

Təhsil
10:27 / 04.08.2021
818
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi və hərbi liseylərə qəbul imtahanları keçiriləcək.
Sfera.az xəbər verir ki, imtahanlar Bakı və Naxçıvan şəhərlərində baş tutacaq.
Hər iki imtahan saat 10:00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- "İmtahana buraxılış vərəqəsi";
- "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan və liseylərə qəbul imtahanında iştirak edən abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdində iştirak etmək üçün 966 namizəd qeydiyyatdan keçib. Hərbi liseylərə qəbul imtahanında isə 1 911 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 13 imtahan binası, 208 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 269 nəzarətçi–müəllim, 26 buraxılış rejimi əməkdaşı cəlb olunub.