“Ucuz tələbə yataqxanaları tikilsin” – Təhsil nazirinə müraciət olundu

11:24 / 03.08.2021
1310
"Bölgələrdən paytaxta təhsil almaq üçün gələn
tələbələrin üzləşdiyi ən böyük problem evsizlikdir”.
Bunu Sfera.az-a açıqlamasında əmlak eksperti
Elnur Fərzəliyev deyib. O bildirib ki, Bakıda mənzillərin kirayə qiyməti çox
yüksəkdir və bu evləri kirayələmək hər bir tələbə üçün əlçatan deyil:
"Mərkəzə yaxın ərazilərdə 1 otaqlı mənzilin
kirayə qiyməti 250 – 300 manat olduğu üçün bir otaqda iki tələbə deyil, məcburən
dörd və ya beş tələbə yaşayır. Bu cür sıxlıq isə onların təhsilinə mənfi təsir
göstərir. 2016-cı ildən başlayaraq davam edən pilot layihələr səbəbindən
paytaxtdakı əksər köhnə tikili binalar sökülərək yeniləri ilə əvəzlənir. Bu səbəbdən
ucuz kirayə mənzillər artıq dövriyyədən çıxmış olur. Tələbələr məcburən şəhər kənarında
evlər kirayələsələr də, bu, onların vaxtının çoxunun yollarda itirilməsinə səbəb
olur.
Azərbaycanda, xüsusən də paytaxt Bakıda yeni
tikili binalarda qiymətlərin əlçatan olmamasının başlıca səbəbi torpaq sahələrinin
bahalığıdır. Bu gün Sovet dövründən qalmış tələbə yataqxanaları istismar müddətini
çoxdan bitirib və yaşayış üçün yararsızdır. Lakin onların yerləşdiyi ərazilər və
yataqxanalara məxsus olan torpaq sahələri tikinti normativlərinə uyğun yeni
hündürmərtəbəli yataqxanaların tikilməsinə imkan verir. Tikintinin maya dəyərinə
nəzər salsaq, 1 kv/metr yeni tikili binanın sadəcə tikinti xərci 300-350 manat
arası dəyişir. Normal təmirin 1kv/metrinin dəyəri isə istifadə olunacaq
materiallardan asılı olaraq, 200-250 manat arası dəyişir. Yəni, 1 kv/metr təmirli
mənzilin maya dəyəri təxmini 550-600 manata başa gəlir. Bura torpaq sahəsinin
qiyməti və digər xərclər daxil deyil”.
"Köhnə yataqxana normativlərinə nəzər salsaq, 12 kv/metrlik bir otaqda iki tələbə qalırdı. Bu günkü bazar dəyəri ilə hesablasaq, 12 kv/metrlik təmirli iki tələbəlik bir otaq təxmini 7200 manata başa gəlir. Hər ay tələbə 50 manat ödəməklə, hər otağa 100 manat kirayə pulu ödəmiş olur. Bu isə o deməkdir ki, həmin yataqxanaların tikintisinə yatırılmış sərmayə 6 ilə geri dönüş edir və uzun illər boyu onu tikdirən ali təhsil müəssiələri o yataqxanalardan gəlirlər əldə edirlər. Həmin gəlirlərlə həm yataqxanaların saxlanılma və işçi xərclərini, həm də müəllimlərin maaşlarını artırmaq mümkündür”.
Günay Rəsulqızı