“Kim yuxudan tez dursa, bir şlaqbaum qoyur” – Parkanmadan böyük pullar qazanan “X” şirkət kimindir?

12:28 / 08.04.2021
1238
"Uzun müddət keçməsinə baxmayaraq, ölkəmizdə həllini
tapmayan problemlərdən biri də məhz parklama sistemi ilə bağlıdır. Prezidentin
2018-ci il 6 iyul tarixli fərmanı ilə BNA-ya parklamaya nəzarət, idarəetmə və
daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar müəyyən etmək tapşırılıb. Ötən
müddət ərzində Bakıda bir xeyli parklama yerləri müəyyən edilib, lakin vahid
bir sistem ortada yoxdur”.
Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan
İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, indiyədək əksər
parklama yerlərindən yığılan pulların BNA-ya aidiyyatı yoxdur:
"Ümumiyyətlə BNA bildirir ki, parklamadan
yığılan pullar tam olaraq qanunsuzdur. Bütün səlahiyyətlər, yığılan vəsaitlər
hansısa bir "X” şirkətinin nəzarətindədir. Səbəb də ondan ibarətdir ki, hökumət saat hesabı parklama tariflərini 4
ildir ki, müəyyən edə bilmir. BNA rəsmisi dəfələrlə bildirib ki, Prezident fərmanının
icrası ilə bağlı, parklama yerləri üçün qanuni proseduraların və tariflərin müəyyən
olunması üçün Nazirlər Kabinetinə müraciət edilib. Hökumət isə göründüyü kimi
uzun müddətdir, problemi həll etmək istəmir”.
O.Gündüz qeyd edib ki, bəzi yerlərdə səhər kim tez yuxudan dursa,
parklamanın idarəedicisi o hesab olunur: "Bəzən müşahidə etmək olar ki, kimsə dövlətə məxsus olan parklama ərazisinə
şlaqbaum yerləşdirir. Bütün parklama yerlərini vahid bir sistemdə birləşdirmək,
vahid tariflər müəyyən etmək , bunun la bağlı
bir mobil tətbiq hazırlamaq, normal bir ödəniş sistemi qurmaq zamanı
çoxdan çatıb.
Görünür ki, hazırda parklamaya kimlər nəzarət
edirsə, hökumətə təsir imkanları yetərincə güclüdür ki, BNA rəhbəri Vüsal Kərimli 4 ildir ki, qanunvericiliklə ona verilən səlahiyyəti icra edə bilmir.
Günay Rəsulqızı