“Belə gülünc qərarlar...” - Azərbaycan Niderladın sanksiyasına qarşı hansı addımı atacaq?

16:13 / 18.11.2020
3426
Xəbər verdiyimiz kimi, Niderland parlamenti Qarabağ münaqişəsi zəminində Türkiyə və Azərbaycana qarşı sanksiya tətbiq edib.
Prezident İlham Əliyev bu gün Niderlandın Azərbaycana yeni təyin olunan səfiri Paulin Eizemanın etimadnaməsini qəbul edərkən bu məsələyə toxunub.
"Niderland Parlamentinin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək”, - deyə İlham Əliyev vurğulayıb.
Maraqlıdır, Niderland tərəfinin belə addım atmasına səbəb nədir?
Məsələ ilə bağlı Sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Niderlandın birtərəfli mövqe tutduğunu bildirərək Azərbaycan respublikasının Milli Məclisi tərəfindən bu sanksiyaya qarşı addım atılmasının zəruriliyini qeyd edib:
"Niderland parlamentinin üzvləri reallıqdan çox uzaqdır. Bəlllidir ki, onlar birtərəfli mövqe tutub və bu mövqe sözsüz ki, Azərbaycan üçün qəbuledilməzdir. Mən bilmirəm ki, bu qərarın qəbul edilməsində ermənilərin təsiri var, ya yox. Amma qərarı qəbul edən məsuliyyətli siyasətçilər gərək məsələnin əslini öyrənərdilər. Qərarın reallıqdan uzaq olması və məsuliyyətsiz şəkildə qəbul edilməsi göz önündədir. Bu qərarda Azərbaycan üçün hansısa problem görmürəm. Zaman göstərir ki, təsadüfi insanlar məsuliyyəti olmadığı məsələlərə toxunanda belə gülünc qərarlar qəbul olunur.
Hesab edirəm ki, mövcud praktikaya uyğun olaraq Milli Məclis qərara münasibət bildirməli, bununla əlaqədar olaraq lazımi məlumatlar, faktlar Niderland parlamentinə təqdim edilməlidir".
Sfera.az
Əzizə Zeynal