Putinin Türkiyə ilə bağlı dedikləri əslində nəyə işarə idi? - ŞƏRH

"Qarabağ məsələsində Türkiyəyə hər hansı bir qiymət verilə bilər, ancaq onu beynəlxalq hüququ pozmaqda ittiham etmək olmaz”.
Xəbər verdiyimiz kimi bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya-24" telekanalına müsahibəsində deyib. Ölkə başçısı bu fikirləri Azərbaycan-Türkiyə arasında ikitərəfli münasibətlərdən bəhs edərkən qeyd edib.
Maraqlıdır, Putin Türkiyəyə qiymət verilməsi dedikdə əslində nəyi nəzərdə tutub?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Putinin bu açıqlamasının altında yatan məqamlardan danışıb:
"Sentyabrın 27-dən başlayaraq belə bir informasiya yayıldı ki, guya Türkiyə Suriyada döyüşən bəzi terror ünsürləri, xüsusilə türk etnoslu türkmənləri Qarabağda döyüşmək üçün muzdlu tutub. Bu ittiham həm Fransa həm də Rusiya tərəfindən səsləndirildi. Təbii ki, bütün bunlar yalan informasiyalar idi və bunun arxasında Ermənistana havadarlıq edənlər dayanırdı. Bu yöndə Türkiyəni ittiham edən dövlətlər və konkret maraqlı şəbəkələr hələ də mövcuddur. Putin də nitqində buna diqqət çəkmək istəyib. Rusiya bununla guya ki, Türkiyənin də hərbi əməliyyatlarda iştirakına işarə edib. Hansı ki, bu tamamilə yalandır.
Türkiyə bilirdi ki, Rusiya və Fransa kimi havadarlar, KTMT hərbi əməliyyatlara müdaxilə edə bilər. Buna görə də Türkiyə hələ yayda hərbi əməliyyatlar üçün Azərbaycana gəlmiş qoşununu ərazidən çıxarmadı. Bu da Ermənistan havadarlarına bir mesaj idi ki, hər hansı bir güc mərkəzi, yaxud da hansısa dövlət bu prosesə müdaxilə edərsə, Türkiyə də kənarda qalmayacaq. Buna görə də Rusiya Türkiyəni qarşısına almamaq və Cənubi Qafqazda yeni bataqlığa düşməmək üçün prosesə müdaxilə etmədi. Rusiya prezidentinin ittihamlarını da bu konteksdə dəyərləndirmək olar. O, məsələni fərqli şəkildə təqdim edərək Türkiyə ilə münasibətləri korlamaq istəmədi”.
Sfera.az
Əzizə Zeynal