"The National Interest" yazır: "Məlum oldu ki, Ermənistan həzm edə biləcəyindən daha böyük tikə udub"

Ermənistanın Qarabağdakı məğlubiyyəti bu ölkə üçün çox ağrılıdır. "National Interest”in müəllifi öz məqaləsində "Nəyə görə Ermənistan Azərbaycanla müharibənin gedişatını düzgün hesablaya bilmədi? Ermənistanın səhvi nədə idi?” suallarına cavab tapmağa çalışıb. Onun fikrincə, səhvlərdən biri Paşinyanın Rusiya ilə əlaqələrin vacibliyini və Kremlin Ermənistana göstərə biləcəyi dəstəyin sərhədlərini düzgün müəyyən edə bilməməsindədir. Müəllif həmçinin iddia edir ki, Türkiyə İrəvanın təcavüzkar siyasəti üzündən bu qarşıdurmaya müdaxilə etdi.
Sfera.az Təhlükəsizlik siyasəti və inkişaf institutunun həmtəsisçisi və direktoru Svante Kornellin "The National Interest" üçün qələmə aldığı məqaləni təqdim edir:
27 sentyabrda yenidən alovlanan Ermənistan-Azərbaycan müharibəsində Ermənistan böyük itki verərək ağır məğlunbiyyətə uğradı. Azərbaycan ordusu 1993-cü ildə işğal olunmuş, əhalisinin böyük hissəsini azərbaycanlılar təşkil edən ərazilərlə yanaşı, bilavasitə Dağlıq Qarabağ ərazisinə daxil olaraq, mühüm strateji və böyük rəmzi əhəmiyyət kəsb edən Şuşanı da geri qaytardı.
Göründüyü kimi, Ermənistan buna hazır deyildi. Amma Ermənistanın son illərdə Azərbaycana qarşı təcavüzkar, kəskin bəyanatlarla çıxış etməsini nəzərə alsaq, bu çox qəribədir. Niyə münaqişə Ermənistan rəhbərliyinin planladığı kimi getmədi? Çünki Ermənistan bir sıra bağışlanmaz səhvlərə yol verdi. Bu münaqişədə Ermənistan rəhbərliyi demək olar, bütün təxminlərində - dünya birliyinin reaksiyası, Rusiyanın cavabı, Türkiyənin münaqişədəki rolu və düşməni olan Azərbaycanın daxili dinamikası barədə yanıldı.
Ermənistan-Azərbaycan münaqişəsində hər zaman dərinziddiyyət nəzərə çarpıb. Əvvəla, Ermənistanın əhalisi Azərbaycandan üç dəfə azdır; yeraltı və yerüstü sərvətləri də kifayət qədər qıtdır, üstəlik, geosiyasi mövqeyi də bir o qədər əlverişli deyil. Amma ötən əsrin 90-cı illərinin əvvəllərində bu ölkə müharibəni qazandı. Buna səbəb isə əsasən iki amil idi: Azərbaycanda daxili qarışıqlıq hökm sürürdü və Rusiya İrəvanı dəstəkləyirdi. Bu, Dağlıq Qarabağ və bu anklavı əhatə edən, təxminən 750 min azərbaycanlının (red. öz yurd-yuvalarından didərgin salınaraq30 ilə yaxın qaçqın statusu ilə yaşayanazərbaycanlıların) yaşadığı ərazilərin Ermənistanın nəzarəti altına keçməsinə kömək etdi.
Ermənistanda bu qələbə keçən aya qədər mövcud olan hərbi üstünlük duyğusunun əsasını qoydu. Diplomatik dillə desək, tezliklə məlum oldu ki, Ermənistan həzm edə biləcəyindən daha böyük tikə udub. Dünya birliyi erməni xalqının faciəvi taleyinə acıdığı üçün onların tərəfini tuturdu. Amma 1993-1994-cü illərdə İrəvanın təcavüzkarlığı və azərbaycanlıların etnik təmizlənməsi bu münasibəti dəyişdirdi. Belə ki, artıq 1996-cı ilin astanasında BMT və ATƏT kimi beynəlxalq təşkilatların qətnamələrində açıq şəkildə göstərilirdi ki, demək olar, bütün dünya dövlətləri işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasının və münaqişənin Dağlıq Qarabağ ermənilərinə tam müstəqillik deyil, özünüidarə hüququ verilməklə həll edilməsinin tərəfdarıdır.
Dağlıq Qarabağ məsələsində Ermənistanın ən çox güvəndiyi Rusiya Federasiyası və rəsmi Moskva idi. Amma Nikol Paşinyanın Ermənistan hakimiyyətinə gəlişi ilə hər şey dəyişdi. 2019-cu ilin may ayında ATƏT-in "Madrid prinsiplərini" rədd edən Paşinyan, həmçinin danışıqların formatını dəyişdirməyə çalışaraq, Dağlıq Qarabağ rəhbərliyinin də danışıqlara cəlb olunmasını tələb etdi. Amma 2019-cu ilin avqust ayında qondarma DQR-ın paytaxtındakı çıxışında:
"Qarabağ Ermənistandır və nöqtə!”, - deyə bəyan etdi. Onun bu məsuliyyətsiz bəyanatı 1980-ci illərin sonunda tərəflər arasında münaqişəyə səbəb olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi mövzusunu yenidən gündəmə gətirdi. Baş nazirin xanımı da ərindən geri qalmadı. Belə ki, 2018-ci ildə "Qadınlar Sülh Naminə” kampaniyasını başladan Anna Akopyan bu yay gözlənilmədən hərbi forma geyindi və avtomat götürərək qadınları döyüş hazırlığında iştirak etməyə çağırdı. "Sülhpərvər” ananın oğlu da könüllü olaraq işğal edilmiş ərazilərdə xidmət çəkməyə yollandı.
Amma sonradan Ermənistan rəhbərliyi daha da irəli getdi (bəlkə də istəmədən), Türkiyəni birbaşa bu mübahisəyə cəlb edən addımlar atdı. İyul ayında münaqişə bölgəsinin şimalında, Ermənistan-Azərbaycan sərhədində döyüşlər başlayanda, Türkiyə Ermənistanın Azərbaycan neftini və qazını nəql etmək üçün istifadə olunan münaqişə bölgəsinin yaxınlığındakı enerji infrastrukturuna təhlükə yaratmasından narahat oldu. Avqustun əvvəlində isə Ermənistan prezidenti və baş naziri təntənəli şəkildə Sevr Sülh Müqaviləsinin 100 illiyini qeyd etdi. Həmin müqaviləyə əsasən, Türkiyənin şərqində erməni dövləti yaratmaq planlaşdırılırdı. 100 ildən çoxdur ki, bu müqavilə türk millətçilərinin hiddətinə səbəb olur.
Ermənistanın ikinci Qarabağ müharibəsindəki məğlubiyyətinin səbəblərinə gəlincə isə, qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycanın daim məğlub statusunda qalmağa razı olmayacağını və gec-tez diplomatik yolla olmasa, hərb yolu ilə işğalda olan ərazilərini azad edəcəyini, eləcə də beynəlxalq aləmdə işğal olunmuş Azərbaycan ərazilərinin müstəqilliyinin tanınmamasını nəzərə almadı. Son hadisələr açıq şəkildə göstərdi ki, hərbi əməliyyatlar beynəlxalq ictimaiyyətin Azərbaycan ərazisi kimi tanıdığı torpaqlarda davam etdiyi müddətdə, Qərb və digər ölkələr tərəfləri təmkinli olmağa və danışıqlar masası arxasına əyləşməyə dəvət etməklə kifayətlənəcək.
Ermənistanın yol verdiyi ikinci, daha böyük səhv Rusiyaya birmənalı şəkildə güvənməsi idi. Heç kəs üçün sirr deyil ki, Rusiya Ermənistandan Azərbaycana və Gürcüstana təzyiq vasitəsi kimi istifadə edir. Amma Rusiya Ermənistandan o qədər arxayındır ki, Azərbaycanla yaxınlaşmaqdan, onunla müxtəlif sahələrdə əməkdaşlıq etməkdən, həmçinin bu ölkəyə silah satmaqdan belə çəkinmədi. Axı Azərbaycan Rusiya silahını Ermənistandan daha baha qiymətə alır. Üstəlik, 2016-cı ildə baş verən Ermənistan-Azərbaycan qarşıdurmasına da qarışmadı. Amma nədənsə bütün bunlar Ermənistanın diqqətindən yayındı.
Yəqin Ermənistan rəhbərliyi Rusiyanın lovğalığına və gurultulu bəyanatlarına baxmayaraq, həm qlobal, həm də regional səviyyədə tənəzzülə uğradığını anlamayıb. Əlbəttə, vəziyyət dəyişə bilər, amma bu gün Rusiya bu müharibənin gedişatına birbaşa müdaxilədə heç bir fayda görmür. Göründüyü kimi, Rusiya sözügedən hərbi əməliyyatların alovlanmasındanöz sülhməramlılarını münaqişə bölgəsinə yerləşdirmək üçün istifadə etdi. Ümumiyyətlə isə, Ermənistan gözləmədiyi halda kifayət qədər ciddi təcrid vəziyyətinə düşdü.
Ermənistan həmçinin Cənubi Qafqazla Yaxın Şərq, özəlliklə də Türkiyə arasında möhkəmlənən əlaqələri də nəzərdən qaçırdı. Türkiyənin bölgədə artan nüfuzu, hərbi qüdrəti və Qarabağ məsələsinə xüsusi diqqəti bu ölkəni narahat etməli idi, amma bunun əvəzinə, o əksinə düşünülməmiş hərəkətləri və məsuliyyətsiz bəyanatları ilə Türkiyənin sözügedən münaqişəyə müdaxiləsini tətiklədi.
Və nəhayət, Ermənistan Azərbaycanın daxilində baş verən dəyişiklikləri görə bilmədi. Prezident İlham Əliyevin hakimiyyətdə apardığı təmizləmə işləri, dəfələrlə Azərbaycanın məğlub mövqeyi ilə barışmaq fikrində olmadığını səsləndirməsi Ermənistanı ayıltmadı.
Artıq aydın oldu ki, siyasi təcrübəsi olmayan Nikol Paşinyan ölkəsinin və ümumilikdə bölgənin geosiyasi vəziyyətini düzgün qiymətləndirməyi bacarmadı. Üstəlik, Ermənistanın Moskva ilə sıx bağlılığı olan keçmiş rəhbərliyi də onun mövqeyinə ciddi zərbə vururdu. Bu isə ölkədə olduqca qeyri-sabit vəziyyət yaradırdı. Bu zaman Paşinyan rəqiblərinə üstün gələrək qatı millətçilik siyasəti yürütməklə hakimiyyətini möhkəmləndirmək qərarına gəlir. Çox guman ki, o, Qarabağı Ermənistana birləşdirmək çağırışı ilə birbaşa Dağlıq Qarabağ hakimiyyətini hədəfə almışdı.Onun populist çıxışları həmçinin Qarabağda yaşayan ermənilərin rəğbətini qazanmağa hesablanmışdı. Amma o, Bakının bu bəyanatlara göstərəcəyi reaksiyanı düşünməmişdi.
Hazırda tərəflər arasında atəşkəs razılaşması qüvvədədir. Həmin razılaşma Azərbaycanın hərbi qələbəsini möhkəmləndirdi. Ermənistanın yanlış hesablamalarının vurduğu ziyanın uzunmüddətli olacağı şübhə doğurmur. Təbii ki, maddi və fiziki itkilər kifayət qədər əhəmiyyətlidir, amma psixoloji zərbə bunlardan qat-qat daha sarsıdıcıdır. Ermənistanın özünə təlqin etdiyi hərbi üstünlük duyğusu, özgüvən hissi yerlə yeksan edildi. Ermənistan artıq anlamalıdır ki, onun təhlükəsizliyi yalnız davamlı sülh əldə etdiyi təqdirdə təmin edilə bilər. Paşinyan hərbi əməliyyatlar başlamazdan əvvəl artıq zəifləmişdi, odur ki, bu münaqişədən salamat çıxmaq şansı yoxdur. Baş nazirin istefası tələbləri getdikcə daha çox səslənir. Amma Paşinyanın hakimiyyətdə qalıb qalmayacağı o qədər də əhəmiyyətli deyil, vacib olan Ermənistanın baş verənlərdən lazımi nəticə çıxara bilməsi və sülhün əldə edilməsi üçün ciddi tədbirlər görməsidir.
Tərcümə: Selcan
Sfera.az