“Dekabrın 1-dən sonra Azərbaycan Ermənistanla Qarabağı müzakirə etməyəcək” - Politoloq

“Dekabrın 1-dən sonra Azərbaycan Ermənistanla Qarabağı müzakirə etməyəcək” - Politoloq
"Ermənistan rəhbərliyi artıq Azərbaycandan gələn bütün məlumatların doğru, Ermənistandan gələnlərin isə yalan olduğunu təsdiqlədi. Müharibənin əvvəlindən vəziyyət məhz belə olub. Həm Paşinyan, həm də Tonoyan Ali Baş Komandanımızın və Müdafiə nazirliyinin döyüş əməliyyatları başlayandan bəri verdiyi məlumatları təsdiqlədi. Azərbaycan vətəndaşı Prezident İlham Əliyevə etibar etməlidir. Çünki müharibənin ilk günündən dövlət başçısı öz xalqı ilə səmimi ünsiyyət qurub və ona səhih məlumatlar çatdırıb”. 

Sfera.az xəbər verir ki, bunu Day.Az saytına açıqlamasında tanınmış politoloq Fərhad Məmmədov bildirib.

"İmzalanmış ortaq bəyanat və bu sənədin işğal illərində münaqişənin həlli variantları ilə müqayisəsi Azərbaycanın 27 sentyabradək qəbul etməyə hazır olduğu məqamların yeni müqavilədə ümumiyyətlə nəzərdə tutulmadığını göstərir”, - deyə Məmmədov qeyd edib. 

"Bu cür sənədlər hər zaman gələcək fəaliyyət üçün  müəyyən imkanlar yaradır. Azərbaycan ərazilərin statusu mövzusunu birdəfəlik bağladı.  Bu artıq müzakirə olunmur. Ermənistan silahlı qüvvələri ərazidən tamamilə çıxarıldıqdan sonra isə İrəvanla Qarabağ mövzusu ilə bağlı müzakirələr aparmağa ümumiyyətlə ehtiyac qalmayacaq. Yeganə problem beynəlxalq səviyyədə tanınan Azərbaycan torpaqlarında Ermənistan silahlı qüvvələrinin olması idi. Dekabrın 1-dən sonra isə bu ölkə ilə yalnız ikitərəfli münasibətləri, ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, diplomatik münasibətlərin qurulması imkanlarını və s. müzakirə edəcəyik. 
Bu gün cəmiyyəti düşündürən məsələlərə  gəldikdə isə, qeyd etməliyəm ki, az da olsa,müəyyən spekulyasiyalar müşahidə olunur. Nəzərə almaq lazımdır ki, bu razılaşma uzun sürən müzakirələrin nəticəsi deyil. Bütün qərarlar hərbi əməliyyatlarla paralel verilirdi. Daha doğrusu, belə qısa zamanda nəyi həll etmək olardısa, o da həll olundu”, - deyə politoloq bildirib. 

Məmmədov vurğulayıb ki, Azərbaycan danışıqlar prosesi illərində bir dəfə də olsun ermənilərin Qarabağda yaşamayacağı məsələsini gündəmə gətirməyib. Azərbaycan həmişə Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşları kimi qəbul edib. Qonşu ölkənin silahlı qüvvələrinin ərazimizdə olması bizim üçün problem idi. İnşallah dekabrın 1-dək bu problem öz həllini tapacaq. Soydaşlarımız  azad edilmiş Kəlbəcəri, Laçını, Ağdamı gördükdən, ölkəmizin sərhədi bərpa olunduqdan sonra isə  bu gün spekulyasiya məqsədilə  qaldırılan bütün məsələlər əhəmiyyətini itirəcək.

Politoloqun sözlərinə görə, Qarabağ münaqişəsi keçmişdə qaldı, indi isə bölgənin bərpası, iki xalqın dinc yanaşı yaşaması prosesi başlayır. Bu heç də asanlıqla başa gəlməyəcək. Bu proses illərlə davam edə bilər, bu üzdən sülhməramlıların müəyyən müddət  bölgədə qalması vacibdir. 

"Hər halda vətəndaşlarımız bilməlidir ki, imzalanan saziş Ermənistanın tam və qeyd-şərtsiz təslimidir. Təəssüf ki, cəmiyyətin müəyyən bir marginal hissəsi bunu Azərbaycanın tam  qələbəsi və ərazi bütövlüyünün bərpası kimi qəbul etmir. Amma  bu da keçəcək",- deyə politoloq bildirib.

Türkiyənin  iştirakı mövzusuna toxunan Fərhad Məmmədov vurğulayıb ki,  10 noyabr gecəsində Türkiyənin sözügedən prosesdə iştirakının elan edilməməsi onun kənarda qalacağına dəlalət etmir. Bu qərar proseslərin gedişatında, aidiyyatı üzrə qəbul edilir. Yəni, Rusiyanın sülhməramlı inhisarı yoxdur. Onsuz da artıq  azad edilmiş ərazilərdə razılaşmanın yerinə yetirilməsini izləyən bir mərkəzin olacağı barədə müəyyən məlumatlar var. Bu mərkəzin nəzarəti olmadan Laçın dəhlizi boyunca hərəkət etmək qeyri-mümkün olar. Hər addımbaşı sığorta olacaq, hər şey dəqiqliklə, təkrar-təkrar yoxlanacaq. 

Fərhad Məmmədov bu gün üçün heç bir təhlükə görmədiyini də qeyd edib. 

"Nəhayət vurğulamaq istədiyim ən vacib məqam, Rusiya Federasiyası və prezidentinin şəxsi iştirakının beynəlxalq zəmanət kimi çıxış etməsidir. Bu inanmağa əsas verir ki, hər şey təqdim olunan cədvəl üzrə həyata keçiriləcək. Əlbəttə, bu asan olmayacaq. Müharibə oldu, 25 ildən artıq danışıqlar getdi. İndi isə əlimizdə konkret sənəd var və bu sənədin icrası prosesini Azərbaycan cəmiyyəti yaxından izləyir.

Hər halda, hər şey ilk iki həftədən asılı olacaq. Düşünürəm ki, razılaşmanın əsas elementlərinin icrasından sonra, yəni Kəlbəcər, Ağdam və Laçın azad edildikdən sonra Azərbaycan cəmiyyəti sakitləşəcək. Aydınlıq gələcək. Azərbaycan əraziləri tamamilə bizim nəzarətimizə keçəcək, əzəli torpaqlarımızda  həyat tam bərpa olunacaq, sərhəddə Azərbaycan qoşunları dayanacaq. Laçın dəhlizinə gəldikdə isə, istənilən danışıqların şərtlərinə görə sözsügedən dəhliz  qalmalı idi. Biz Qarabağda təhlükəsizliyi və iqtisadi inkişafı təmin edirik. Amma  yerli ermənilərin Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməsi şərti ilə. Yalnız bundan sonra cari prosesi yekunlaşdırıb cəmiyyətin bu hissəsini, Konstitusiyada nəzərdə tutulmuş bütün hüquqlarını qorunmaqla yenidən Azərbaycan cəmiyyətinə inteqrasiya etməyə başlaya bilərik”, - deyə Fərhad Məmmədov bildirib. 

Tərcümə: Selcan
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...