Erməni prezident: “Növbədənkənar parlament seçkisi qaçılmazdır”

Siyasət
11:05 / 17.11.2020
3057
''Ölkə artıq nə 26 sentyabrda, nə də müharibənin sonuna bir gün qalmış - 8 noyabrda olan dövlət deyil. Qarabağ yaralıdır. Cəmiyyətimiz çalxalanır. Yaralı iqtisadiyyat nəhəng sosial problemlərlə yüklənib''.
Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, bunun Ermənistan Prezidenti Armen Sarkisyan xalqa müraciətində deyib.
''Qarabağdan böyük insan kütləsinin axını nəticəsində humanitar fəlakət baş verib.Biz reallığı görməzdən gələrək adi tərzdə yaşamağa davam edə bilmərik", deyən Sarkisyan Ermənistanın həm döyüş meydanında, həm də diplomatik arenada uduzduğunu etiraf edib.
O, son günlər ərzində parlamentdəki və parlamentdənkənar qüvvələrlə, ictimai qruplar və fərdlərlə bir neçə görüş keçirdiyini, mütləq əksəriyyətin hökumətin buraxılmalı olduğu fikrini müdafiə etdiyini söyləyib.
Sarkisyan "Mövcud vəziyyət ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsi barədə qərar verilməsini tələb edir. Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam verilməlidir və erkən parlament seçkiləri keçirilməlidir”, - deyərək vəziyyətdən yeganə çıxış yolunu növbədənkənar parlament seçkilərində gördüyünü bəyan edib.