Solovyov anti-Azərbaycan təbliğatı ilə nəyə nail olmaq istəyir? – Rusiya saytından etiraz

Dağlıq Qarabağda müharibə bitdikdən və qanuni ərazilərinin Azərbaycana qayıtmasından sonra bölgə əhalisi ən çox sülhə, əmin-amanlığa və normal həyatın bərpasına ehtiyac duyur. Rusiyanın iştirakı olmadan buna nail olmaq mümkün deyil. Öz sülhməramlıları ilə qaçqınların geri dönməsini və təhlükəsizliyini, eləcə də atəşkəsə əməl olunmasını təmin edən məhz Moskvadır. Moskva həmçinin zərərçəkən regiona humanitar yardım göstərilməsi üçün də əlindən gələni əsirgəməyəcək.
Münaqişətərəflərinə qarşı yürütdüyü bərabərlik siyasəti sayəsində Kreml Bakı ilə İrəvan arasında obyektiv vasitəçi kimi qəbul edilir. Təsadüfi deyil ki, NATO və Avropa Birliyi ölkələri böhranın həlli üçün heç bir iş görə bilmədiyi halda, Rusiyanın Qafqazdakı nüfuzu artdı.
Amma bununla eyni vaxtda Moskvadan ziddiyyətli siqnallar gəlir. Tanınmış teleaparıcı Vladimir Solovyov öz proqramında zaman-zaman kifayət qədər açıq şəkildəanti-türk və anti-Azərbaycan təbliğatı aparır. Nə haqda danışırsa, danışsın– istər Amerika olsun, istərsə də Moldova- sonda hökmən söhbəti Azərbaycan və Türkiyə mövzusu üzərinə gətirib çıxarır.
Misal üçün, verilişlərdən birində həmin Solovyov belə bir fikir səsləndirmişdi: "Azərbaycana qarşı çox yaxşı münasibətə baxmayaraq, "milli maraqlar” deyilən bir anlayış var. Türkiyə NATO ölkəsidir və biz bunu bir saniyə belə unutmayacağıq”.
Bu bütün digər məsələlərlə yanaşı, hər cür "rəngli inqilab"a sinə gərən suveren respublikaya qarşı söz hücumu deyilsə, bəs nədir? Bakı ilə Ankara arasındakı əməkdaşlıq Rusiya üçün nə kimi təhlükə yarada bilər? Bir də, axı Rusiya özü həm Azərbaycan, həm də Türkiyə ilə yaxşı münasibətlər qurmağa can atır.
Müharibə dövründə Solovyov açıq şəkildə iflasa uğramış Ermənistan siyasətini dəstəkləyirdi. Bunu təkcə onun çıxışları deyil, həm də dəvət etdiyi”ekspertlər” tərkibi də sübut edir. Elə bircə həyasız erməni təbliğatçısı Semyon Bağdasarovu xatırlamaq yetər. Solovyovun "jurnalist" kimi qələmə verilsə də, əslində saxta xəbərlərin primitiv carçısı olan Wargonzo layihəsinin nümayəndəsi Semyon Peqovla hazırladığı çoxlu sayda proqramlar da birtərəfli idi.
Peqov Şuşa və Xankəndidən hazırladığı reportajlarda: "Azərbaycanlılar darmadağın edilib, ermənilər heç zaman olmadıqları qədər güclüdür, Şuşa heç vaxt alınmayacaq” kimi feyk xəbərlər səsləndirməklə izləyicilərini aldadırdı.
Solovyov cəbhədəki vəziyyətlə bağlı izləyicilərinə yanlış məlumat çatdırmaq üçün bu adamı öz verilişinə dəvət edirdi! Görəsən milyonluq Rusiya auditoriyasını aldatmaqjurnalistin nəyinə lazım idi? Biz demirik ki, o, Azərbaycanın xeyrinə təbliğat aparmalı idi. Bizim üçün onun nə məqsədlə Kremlin Ankara və Bakı ilə münasibətlərini korlamağa çalışması maraqlıdır. Özü də hərbi əməliyyatların getdiyi mürəkkəb bir dönəmdə, atəşkəsə nail olmaq məqsədilə məsləhətləşmələrin, danışıqların aparıldığı, qarşılıqlı anlayışa, etibara əvvəlkindən daha çox ehtiyac duyulduğu kritik bir zamanda jurnalistin dövlətlərarası ədavətə nail olmaq istəyi ən azından təəccüb doğurur.
Amma məsələ təkcə Solovyovun öz çıxışlarının siyasi və diplomatik nəticələrini yetərincə nəzərə almamasında və ya hətta vəziyyəti qəsdən gərginləşdirərək Rusiya ilə Qafqaz bölgəsinin əsas oyunçuları arasındakı münasibətləri korlamasında da deyil.
Çox guman ki, o, Rusiya əhalisinin təxminən 10 faizinin (16 milyon) türkdilli xalqlardan ibarət olduğunu unudub. Bunlar- Tatarıstan və Başqırdıstan, eləcə də Şimali Qafqazın bir sıra respublikaları - Rusiya Federasiyasının əsas subyektləridir.
Bundan əlavə, əksəriyyəti Rusiya Federasiyasının vətəndaşı olan iki milyon azərbaycanlı kimi, tatarlar da Rusiyanın dörd bir yanında yaşayır. Rusiyanın Orta Asiyadakı qonşuları Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan da türkdilli dövlətlərdir. Ölkədə millətlərarası və konfessional tarazlığı pozmaq nəyə gərəkdir?
Axı unutmaq olmaz ki, Türkiyə və Azərbaycana qarşı hücumlar birmənalı şəkildə anti-İslam isteriyasına səbəb olacaq. Otuz üç milyon rusiyalı müsəlmanı ölkə əhalisinin o qədər də az hissəsi deyil. Solovyov isə açıq-aşkar millətlərarası, dinlərarası qarşıdurmanı alovlandıraraq araya ədavət salmağa çalışır. Unutmayaq ki, SSRİ-ni dağıdan başlıca amil məhz milli məsələ idi. Solovyov həmin vəziyyəti Rusiyada təkrarlamaq istəyir?
Vladimir Solovyovun ümumrusiya dövlət telekanalında veriliş aparmağı da təəccüb doğurur. Ona əsas etibarilə vergiödəyiciləri hesabına fəaliyyət göstərən kütləvi informasiya vasitələrini şəxsi dükanına çevirmək ixtiyarını kim verib? Nəyə görə o, öz şəxsi maraqlarını dövlət televiziyasında həll edir? Bundan əlavə, Solovyov kimi birinin dövlət televiziyasındakı fəaliyyəti tamaşaçıda belə bir təsəvvür yaradır ki, hökumət onun söylədiyi fikirlərlə razıdır.
Əgər Solovyov "Rossiya-1” telekanalının simasıdırsa, o zaman kanal rəhbərliyi öz imici və aparıcının efirdəki özfəaliyyətinin zərərləri haqda düşünməlidir. Solovyovun hoqqabazlığını birmənalı şəkildə Rusiya Federasiyasının sülhməramlılıq siyasətinin, eləcə də istər Cənubi-Qafqazdakı, istərsə də Rusiya-Türkiyə münasibətlərindəki diplomatiyasının təməlinə qoyulmuş saatlı bomba adlandırmaq olar.
Mənbə: Rravda.ru.
Tərcümə: Selcan
Sfera.az