Atdığımız saqqız və siqaret kötüyü gələcəkdə bizə qarşı istifadə oluna bilər – FOTO
İnsanlar küçədə atdıqları saqqızın, siqaret kötüyünün və ya başqa əşyaların gələcəkdə onların kimliyini müəyyənləşdirmək üçün istifadə oluna biləcəyini yəqin ki, düşünmürlər. Halbuki amerikalı rəssam və bioartist Heather Devey-Hagborq bu cür bioloji qalıqlardan istifadə etməklə insanların mümkün xarici görünüşünü əks etdirən üçölçülü portretlər hazırlayıb.
Sfera.az xəbər verir ki, rəssamın 2012-2013-cü illərdə həyata keçirdiyi layihə “Stranger Visions” adlanır. Layihə DNT analizi, biotexnologiya və insan məxfiliyi ilə bağlı müzakirələrə səbəb olub. Heather Devey-Hagborq Nyu-York küçələrindən, ictimai tualetlərdən və gözləmə zallarından insanların geridə qoyduğu saç telləri, çeynənmiş saqqızlar və siqaret kötükləri toplayıb. Daha sonra həmin nümunələrdən DNT çıxararaq genetik analiz aparıb. Alınan məlumatlar əsasında insanların bəzi fiziki xüsusiyyətləri barədə ehtimallar müəyyənləşdirilib.
Rəssam bu göstəriciləri xüsusi kompüter proqramı vasitəsilə rəqəmsal üz modellərinə çevirib və daha sonra 3D printerdə insan ölçüsündə, rəngli portretlər hazırlayıb. Layihə çərçivəsində yaradılan portretlərdə üz cizgiləri, dəri tonu və digər fiziki xüsusiyyətlər əks olunub. Beləliklə, müəllif insanların heç birbaşa ünsiyyətdə olmadığı şəxslər haqqında geridə qoyduqları bioloji izlərdən müəyyən məlumatlar əldə etməyin mümkünlüyünü nümayiş etdirib.
DNT insan haqqında hansı məlumatları verə bilər?
Layihənin maraqlı tərəflərindən biri genetik materialın yalnız bioloji identifikasiya üçün deyil, xarici görünüşlə bağlı müəyyən ehtimalların formalaşdırılması üçün də istifadə edilməsidir. Müasir elmi tədqiqatlar göstərir ki, DNT vasitəsilə insanın göz, saç və dəri rəngi kimi bəzi xüsusiyyətlərini müəyyən ehtimalla proqnozlaşdırmaq mümkündür. Bundan başqa, genetik analiz əsasında insanın biocoğrafi mənşəyi, yəni əcdadlarının hansı coğrafi bölgələrlə əlaqəli olduğu barədə də məlumat əldə edilə bilər.
Heather Devey-Hagborqun layihəsində də ana xətti üzrə genetik mənşə göstəricilərindən istifadə olunub. Bununla belə, bu göstəricilər insanın bütün əcdadlarının dəqiq coğrafi mənşəyini müəyyən etmir. Burada vacib bir elmi məqam da var: DNT əsasında göz və saç rəngini proqnozlaşdırmaq üzün dəqiq formasını müəyyənləşdirmək qədər mürəkkəb deyil. Üz quruluşu yüzlərlə genetik variantın, eləcə də yaş və ətraf mühit kimi amillərin təsiri ilə formalaşır. Buna görə də layihədə yaradılan portretlər insanların real simasının dəqiq surəti deyil, genetik məlumatlardan çıxarılan ehtimal xarakterli təsvirlərdir.
Heather Debey-Hagborq bu layihə ilə gələcəkdə genetik məlumatların insanların razılığı olmadan toplanması və istifadəsi təhlükəsinə diqqət çəkmək istəyib. Onun yanaşmasına görə, insan gündəlik həyatında saçını, tüpürcəyini və digər bioloji izlərini ətrafda qoyur. Bu izlərdən əldə edilən məlumatlar isə gələcəkdə müşahidə və nəzarət vasitəsinə çevrilə bilər.
Rəssamın narahatlığı əsassız da olmayıb. O, “Stranger Visions” layihəsindən cəmi iki il sonra ABŞ-də “Parabon NanoLabs”şirkətinin hüquq-mühafizə orqanlarına DNT əsasında xarici görünüşün proqnozlaşdırılması xidməti təqdim etdiyini qeyd edir. Bu texnologiya “DNA Snapshot” adlandırılıb. O, sonrakı illərdə də genetik məxfiliyə həsr olunan layihələrini davam etdirib. Onlardan biri “Invisible” adlı layihədir. 2014-cü ildə təqdim edilən bu iş genetik izlərin silinməsi və ya başqa DNT materialı ilə qarışdırılması ideyasını bədii-provokativ formada araşdırırdı. Layihənin əsas sualı isə belə idi: əgər
DNT sübutları da saxtalaşdırıla və ya dəyişdirilə bilirsə, onları nə dərəcədə qüsursuz sübut hesab etmək olar?
Beləliklə, “Stranger Visions” sadəcə texnoloji eksperiment deyil, həm də gələcəyin mümkün problemlərini gündəmə gətirən sənət layihəsidir. İnsanların fərqində olmadan ətrafda qoyduqları bioloji izlərin kimliklərinin müəyyənləşdirilməsində istifadə edilməsi şəxsi həyatın toxunulmazlığı, məlumatların qorunması və genetik nəzarət məsələlərini yenidən müzakirəyə çıxarır.
Bəsti Rəfizadə






