Gənclər daha az cinsi əlaqədə olurlar - Diqqətçəkən araşdırma
Böyük Britaniyada aparılan genişmiqyaslı araşdırma son 30 ildə insanların cinsi həyatında ciddi dəyişikliklərin baş verdiyini üzə çıxarıb. Xüsusilə 45 yaşdan aşağı şəxslər arasında cinsi əlaqənin tezliyi azalıb, qadınların uşaq sahibi olmaq istəyi isə əvvəlki illərlə müqayisədə zəifləyib.
Sfera.az xəbər verir ki, araşdırmanın nəticələri “The Lancet” tibb jurnalında beş ayrı məqalə şəklində dərc olunub.
Dördüncü Milli Seksual Münasibətlər və Həyat Tərzi Sorğusu (Natsal) çərçivəsində aparılan tədqiqat cinsi vərdişlər, doğum nəzarəti, uşaq sahibi olmaq qərarları və rəqəmsal texnologiyaların təsirini əhatə edib.
Cinsi əlaqənin tezliyi iki dəfə azalıb
Araşdırmaya görə, 45 yaşdan aşağı şəxslər arasında cinsi əlaqənin orta aylıq tezliyi 1990-cı ildə dörd dəfə olduğu halda, 2010-cu ildə üçə, son tədqiqatda isə ikiyə düşüb.
16-24 yaşlı gənclər arasında da diqqətçəkən dəyişiklik qeydə alınıb. 2010-cu ildə heç vaxt cinsi əlaqədə olmadığını bildirənlərin göstəricisi həm qadınlar, həm də kişilər arasında 20 faizdən aşağı olduğu halda, son sorğuda qadınlarda 38, kişilərdə isə 28 faizə yüksəlib.
Tədqiqatçılar bu tendensiyanın mümkün səbəbləri arasında üz-üzə ünsiyyətin və alkoqol istifadəsinin azalmasını, psixi sağlamlıq problemlərinin artmasını, rəqəmsal texnologiyaların geniş yayılmasını və gənclərin valideynləri ilə daha uzun müddət yaşamasını göstəriblər.
Qadınların uşaq sahibi olmaq istəyi azalıb
Araşdırmanın digər diqqətçəkən nəticəsi qadınların ana olmaqla bağlı seçimlərindəki dəyişiklikdir.
Belə ki, 16-44 yaşlı, uşağı olmayan qadınlar arasında uşaq sahibi olmaq istəmədiyini bildirənlərin payı son 10 ildə 8 faizdən 17 faizə yüksəlib. 25-34 yaşlı qadınlar arasında isə bu göstərici təxminən dörd dəfə artıb.
Tədqiqatçılar iqtisadi və sosial şəraitin bu qərarlara təsirinin əlavə araşdırılmasına ehtiyac olduğunu bildiriblər.
Doğum nəzarəti və HPV peyvəndi ilə bağlı nəticələr
Sorğuda doğum nəzarəti üsullarında da dəyişikliklər müəyyən edilib. Belə ki, kontraseptiv həblərdən istifadə azalıb, hormonal uşaqlıqdaxili vasitələrə üstünlük verənlərin sayı isə artıb.
Araşdırmaya əsasən, son bir ildə baş verən hamiləliklərin 12 faizi planlaşdırılmamış olub. Bu halların 30 faizində qadınlar qərarsızlıq və ya qarışıq hisslər yaşadıqlarını bildiriblər.
Bundan başqa, HPV peyvəndinin tətbiqindən sonra 18-29 yaşlı qadınlarda uşaqlıq boynu xərçənginə səbəb olan iki HPV növünün yayılmasının 86 faiz azaldığı müəyyən edilib.
Araşdırmada 6 700-ə yaxın insan iştirak edib
2022-ci ilin sentyabrından 2024-cü ilin yanvarınadək İngiltərə, Şotlandiya və Uelsdə yaşayan təxminən 6 700 nəfərin iştirakı ilə keçirilən tədqiqat üz-üzə müsahibələr və onlayn sorğular əsasında aparılıb.
Qeyd edək ki, Milli Seksual Münasibətlər və Həyat Tərzi Sorğusunun əvvəlki mərhələləri 1990, 2000 və 2010-cu illərdə keçirilib.
Altay
Sfera.az






