Xiaomi avtomobilləri Avropaya gedir – İlk model hansı olacaq?
Çinin texnologiya nəhəngi Xiaomi 2027-ci ildən avtomobillərinin Avropaya tədarükünə başlamağı planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə “Rozetked.me” məlumat yayıb.
Şirkətin rəhbəri Ley Tszyun bildirib ki, Avropa bazarına çıxış 2027-ci ildə nəzərdə tutulub. Bununla belə, hansı modellərin Avropada satışa təqdim ediləcəyi və ilk tədarüklərin dəqiq tarixi hələ açıqlanmayıb.
İnternet istifadəçiləri arasında müzakirələrdə Xiaomi-nin Avropadakı ilk avtomobilinin SkyNomad alt brendinə məxsus hibrid yolsuzluq avtomobili ola biləcəyi ehtimal edilir. Bu versiyanın irəli sürülməsi Çin istehsalı olan hibrid avtomobillərə Avropada hazırda əlavə gömrük rüsumlarının tətbiq edilməməsi, elektrik avtomobillərinin isə yüksək tariflərlə üzləşməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, Xiaomi Avropa bazarına çıxmaq planını ilk dəfə açıqlamır. Şirkətin rəhbərliyi may ayında maliyyə hesabatının təqdimatı zamanı avtomobillərin kütləvi tədarükünə yaxın gələcəkdə başlamaq niyyətində olduğunu bildirmişdi.
İyulun əvvəlində isə şirkət hibrid yolsuzluq avtomobili ilə təmsil olunacaq SkyNomad adlı yeni avtomobil alt brendini təqdim edib. Bu modelin Avropa bazarına çıxarılacaq ilk avtomobillərdən biri ola biləcəyi ehtimal olunur.
Başqa bir məlumata görə, Rusiyada da avtomobil bazarının fərqli seqmentində canlanma müşahidə edilir. Belə ki, bu ilin yanvar-oktyabr aylarında avtokamperlərə tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb. Bununla yanaşı, həmin nəqliyyat vasitələrinin orta qiyməti təxminən 9 faiz azalıb.
İnci
Sfera.az






