Logo

"Qara cümə"də endirim olur, yoxsa psixoloji oyundur? - AÇIQLAMA

"Qara cümə"də endirim olur, yoxsa psixoloji oyundur? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Black Friday” kampaniyaları zamanı mağazalarda təqdim olunan yüksək endirim faizləri hər il alıcıların diqqətini cəlb edir.

Lakin bu endirimlərin nə dərəcədə real olduğu, yoxsa istehlakçıları daha çox alış-verişə sövq etmək üçün istifadə edilən psixoloji satış strategiyası olduğu müzakirə mövzusudur. Bəzən insanlar ehtiyac duymadıqları məhsulları belə endirim fürsətini qaçırmamaq üçün alırlar.

Bəs “Black Friday” kampaniyaları həqiqətən müştərilərin büdcəsinə qənaət etməyə hesablanıb, yoxsa onların alış-veriş davranışına təsir göstərən psixoloji mexanizmdir? Bu cür kampaniyalar alış-veriş asılılığını da gücləndirə bilərmi?

Psixoloq Rövşən Nəcəfov Sfera.az-a açıqlamasında bildirib ki, "Black Friday" həm real endirim, həm də satış strategiyasıdır. Hər endirim qənaət demək deyil. Onun fikrincə, məhdud zaman və yüksək endirim faizləri insanda fürsəti qaçırmaq qorxusu yaradaraq ehtiyacdan kənar alış-verişə sövq edir:

"Qara cümə"də endirim olur, yoxsa psixoloji oyundur? - AÇIQLAMA

“İnsan bəzən məhsulu həqiqətən ehtiyacı olduğu üçün deyil, endirimdə olduğu üçün alır və bunu qənaət kimi qiymətləndirir. Halbuki hər ucuz alış-veriş real qənaət demək deyil. Xüsusilə Black Friday zamanı tətbiq olunan məhdud zaman çərçivəsi, böyük endirim faizləri və davamlı reklamlar insanda fürsəti əldən vermək qorxusu yaradır. Bu psixoloji təsir insanın rasional qərar verməsini çətinləşdirir, nəticədə ehtiyac olmadığı halda belə alış-veriş etməyə meyil artır.

Alış-veriş asılılığı, yəni oniomaniya isə bundan daha fərqli və ciddi psixoloji vəziyyətdir. Bu zaman insan alış-verişi sadəcə istehlak ehtiyacını qarşılamaq üçün deyil, emosional boşluğu doldurmaq, stressi azaltmaq, narahatlıqdan uzaqlaşmaq və daxili gərginliyi müvəqqəti aradan qaldırmaq vasitəsi kimi istifadə edir. Alış-veriş insana qısa müddətli rahatlıq və məmnunluq hissi versə də, bu hiss uzunmüddətli olmur. Bir müddət sonra həmin davranış təkrarlanır və insan özünü alış-verişə nəzarət etməkdə çətinlik çəkən vəziyyətdə tapa bilər”.

R.Nəcəfov vurğulayıb ki, şirkətlərin əsas məqsədi mənfəət əldə etməkdir. "Black Friday" müştəriyə qayğı aksiyası deyil, istehlakı artırmağa yönəlmiş satış mexanizmidir:

“Bu kimi kampaniyalar xüsusilə impulsiv alış-verişə meyilli və emosional vəziyyətini alış-verişlə tənzimləməyə çalışan insanlarda bu davranışı daha da gücləndirə bilər. İnsan məhsulun ona lazım olub-olmadığını düşünmək əvəzinə, endirimin nə qədər davam edəcəyinə və fürsəti itirib-itirməyəcəyinə fokuslanır. Beləliklə, alış-veriş ehtiyacdan çox emosional reaksiyaya çevrilir.

Burada əsas məsələ insanın alış-veriş zamanı öz motivasiyasını dərk etməsidir. Özümüzə “Bu məhsula həqiqətən ehtiyacım var, yoxsa sadəcə endirimdə olduğu üçün almaq istəyirəm?” sualını vermək vacibdir. Həmçinin alış-verişdən əvvəl büdcə müəyyənləşdirmək, ani qərarlardan çəkinmək və məhsulu almadan əvvəl bir qədər gözləmək impulsiv davranışın qarşısını almağa kömək edə bilər.

Unutmaq olmaz ki, şirkətlərin əsas məqsədi mənfəət əldə etməkdir. “Black Friday” ilk növbədə istehlakı və satış həcmini artırmağa yönəlmiş marketinq mexanizmidir. Bu kampaniyaları müştəriyə göstərilən xüsusi qayğı kimi deyil, kommersiya strategiyası kimi qiymətləndirmək lazımdır. İstehlakçı isə endirim faizinə deyil, öz real ehtiyacına və maliyyə imkanlarına əsaslanaraq qərar verməlidir”.

Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov da “Black Friday” kampaniyalarının pərdəarxası məqamlarına diqqət çəkib.

"Qara cümə"də endirim olur, yoxsa psixoloji oyundur? - AÇIQLAMA

Bildirib ki, bu kampaniyalarda təqdim olunan endirimlərin bir hissəsi real olsa da, “ilin ən aşağı qiyməti” vədi əksər hallarda özünü doğrultmur:

“Bu kampaniyaların əsas təsir mexanizmlərindən biri istehlakçıda tələskənlik hissi yaratmaqdır. Belə ki, “bu gün son gündür” kimi mesajlar alıcının düşünmək və alternativləri müqayisə etmək imkanını məhdudlaşdırır.

Bəzi hallarda əvvəlki qiymət süni şəkildə şişirdilir, daha sonra isə yüksək endirim faizi təqdim olunur. Digər tərəfdən, real endirimlər də mövcuddur. Xüsusilə kondisioner və məişət texnikası kimi bəzi məhsul kateqoriyalarında alıcılar üçün sərfəli təkliflərə rast gəlmək mümkündür”.

O hesab edir ki, istehlakçılar endirim faizinə deyil, məhsulun son satış qiymətinə diqqət yetirməlidirlər.

“Qiymət tarixçəsini araşdırmaq, digər mağazalardakı təkliflərlə müqayisə aparmaq vacibdir. Elektronika məhsullarında yeni modelin bazara çıxması əvvəlki modellərin ucuzlaşmasına səbəb ola bilər. Mövsümi məhsullarda isə mövsümün sonunu gözləmək daha sərfəli alış imkanı yarada bilər.

“Black Friday” zamanı düzgün seçim etmək üçün əsas meyar endirimin böyüklüyü deyil, məhsulun həqiqi dəyəri və alıcının ona olan ehtiyacıdır”, – S.Aslanov söyləyib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR