Logo

Azərbaycanda pensiyaçılar azalır - "15-20 ildən sonra..."

Azərbaycanda pensiyaçılar azalır - "15-20 ildən sonra..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda pensiyaçıların sayı azalmağa davam edir. Bu ilin oktyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 94,2 min pensiyaçı qeydiyyatda olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 min nəfər azdır.

Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin 1990-2026-cı illəri əhatə edən statistik məlumatlarına əsasən, Azərbaycanda müstəqillik dövründə ən çox pensiyaçı 2006-cı ildə qeydə alınıb. Həmin ilin əvvəlinə ölkədə 1 milyon 398,8 min nəfər pensiyaçı olub.

Sonrakı illərdə də pensiyaçıların sayı 1,3 milyon nəfərdən yüksək səviyyədə qalıb. Belə ki, 2010-cu ildə bu göstərici 1 milyon 308,4 min, 2015-ci ildə 1 milyon 290,8 min, 2018-ci ildə isə 1 milyon 318,4 min nəfər təşkil edib.

2020-ci ildən etibarən pensiyaçıların sayında daha nəzərəçarpan azalma müşahidə olunub. 2020-ci ilin əvvəlində 1 milyon 270,5 min olan göstərici 2023-cü ildə 1 milyon 114,2 minə, 2024-cü ildə 1 milyon 95,9 minə, 2025-ci ildə isə 1 milyon 98,3 min nəfərə düşüb.
Beləliklə, 2006-cı ilin əvvəlindəki rekord göstərici ilə müqayisədə bu il oktyabrın 1-nə ölkədə pensiyaçıların sayı 304,6 min nəfər azalıb.
Qeyd edək ki, hazırda pensiyaçılar ölkə əhalisinin 10,6 faizini təşkil edir.

Bəs pensiyaçıların sayının azalmasının əsas səbəbləri nədir? Bu tendensiya qarşıdakı illərdə də davam edəcək, yoxsa vəziyyət dəyişə bilər?

Bu barədə iqtisadçı Natiq Cəfərli Sfera.az-a açıqlama verib. O bu azalmanın hələlik kritik azalma olmadığını vurğulayıb:

Azərbaycanda pensiyaçılar azalır - "15-20 ildən sonra..."

“Söhbət statistik göstəricilərdən gedir. Gələn il isə əksinə, bu say bir qədər arta bilər. Yəni bu, keçmişdə baş vermiş demoqrafik dalğaların nəticəsidir. Əgər bu tendensiya davamlı xarakter alarsa, yəni üç-beş il ərzində davam edərsə, bu, çox ciddi problemlərdən xəbər verə bilər. Belə ki, insanlar pensiya yaşına çatmadan daha çox vəfat edə, təəssüf ki, ölüm halları daha gənc yaşlarda qeydə alına bilər. Bu cür nəticələrə gəlmək mümkündür, amma bunun üçün geniş statistik məlumat bazası lazımdır. Bir ilin göstəriciləri əsasında məsələni dərindən təhlil etmək mümkün deyil. Ona görə də ümumi tendensiyaya baxmaq lazımdır. Ən azı 2030-cu ilə qədər bu tendensiyanın hansı nəticələrə gətirib çıxaracağını və hansı rəqəmlərlə müşayiət olunacağını proqnozlaşdırmaq lazımdır”.

Ekspert digər bir problemin isə Azərbaycanda son 10 ildə demoqrafik vəziyyətlə bağlı çətinliklərin yaşanması olduğunu bildirib:

“Doğuşların sayı hər il kəskin azalır. Bu, daha ciddi problemdir. Çünki 15-20 ildən sonra işləyən əhalinin sayı ilə təqaüdçülərin sayı arasında elə bir nisbət yarana bilər ki, bu da heç də yaxşı vəziyyət deyil. Nəticədə pensiyaların ödənilməsi ilə bağlı problemlərlə üzləşə bilərik”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR